ADPU-da “Startap günləri” keçirilib

ADPU-da “Startap günləri” keçirilib Azərbaycan İnternet Forumu Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Beynəlxalq Bankının və SİNAM şirkətinin dəstəyi ilə “Startap Azərbaycan” və “Startap günləri” layihəsinə start verilib. Layihə çərçivəsində bir sıra universitetlərdə və digər təhsil müəssisələrində “Startap günləri”nin və bu tədbirlərin yekununda “Startap Azərbaycan” adlı Milli konfransın keçirilməsi nəzərdə tutulub. Bunun üçün dosent Yusif Alıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sahə üzrə əlaqələndirici şəxsi müəyyən edilib və nümayəndə layihənin hazırlıq mərhələsində iştirak edib.
“Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli 881 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə ADPU-nun rektorunun müvafiq razılığı ilə 31 may – 1 iyun 2019-cu il tarixlərdə ADPU-da “Startap günləri”nin təşkili nəzərdə tutulub.
Mayın 29-da Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ADPU-nun layihə iştirakçıları ilə görüşüb və tələbələrə layihələrin irəli sürülməsi, hazırlanması, təqdimatı ilə bağlı məlumatlar verib.
Layihənin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Mayın 3-də layihənin açılış mərasimi keçirilib. Tədbirdə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Beynəlxalq Bankının, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və SİNAM təşkilatının nümayəndələri, həmçinin ADPU-nun struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov açaraq son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə Strateji Yol Xəritələrinin tələbləri əsasında həyata keçirilən innovativ işlər haqqında məlumat verərək ali təhsil müəssisəsi olaraq ADPU-nun da fəaliyyətində bu istiqamətlərin prioritet təşkil etdiyini vurğulayıb, “Startap günləri” yarışmasının universitet üçün önəmli olduğunu qeyd edərək tələbələrin biznes ideyalarının yaranması və inkişaf etməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli 881 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilən “Startap günləri” ali məktəb tələbələrinin biznes ideyalarının irəli sürülməsi və reallaşdırılması baxımından çox əhəmiyyətlidir. Burada tələbələr öz ideyalarını dəyərləndirmək və gerçəkləşdirmək imkanı qazanır, həmçinin tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq imkanı əldə edirsiniz, - deyə O.Gündüz bildirib. Qeyd edib ki, ölkəmizdə innovasiyaların inkişafı ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Böyük professor-müəllim və tələbə heyətinə malik olan ADPU-nun rəhbərliyinin bu işə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir.
O.Gündüz qeyd edib ki, seçim prosesi təşkilatçılar tərəfindən aparılacaq. Seçimdə İT sahəsində müəyyən layihələrin müəllifləri və iştirakçıları olmuş şəxslərə üstünlük veriləcək.
Layihənin birinci günü ADPU-nun müxtəlif fakültələrinin tələbələrindən ibarət 60 nəfər tələbə arasından ideya verən 26 tələbə seçilib və 5 komandaya ayrılaraq ideyaları ilə bağlı tədqiqatlara başlayıblar.
Peşəkar mentorlar tərəfindən tələbələrə internet-biznesini yaratmaq istəyənlərə ideyalarının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi istiqamətində bir çox məsləhətlər verilib. Bildirilib ki, layihələr elmi–tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr Startap Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir. İkinci gün isə komandalar öz ideyaları ətrafinda slaydlar şəklində təqdimatlar hazırlayıblar və bu təqdimatları 5 dəqiqə ərzində ekspertlərə təqdim ediblər. Bu təqdimatları yarışmada iştirak edən startap münsifləri qiymətləndirib. Yarışmada 3 komanda 1-ci, 2-ci və 3-cü yer nominasiyaları üzrə qalib seçiliblər. Sonda 1-ci yerin qaliblərinə qiymətli hədiyyələr və diplom, ikinci və üçüncü yerin qaliblərinə də sertifikat və qiymətli hədiyyələr təqdim edilib. Həmçinin Azərbaycan İnternet Forumu və Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə ADPU rəhbərliyi diplom və təşkilatçılar isə təşəkkürnamə ilə mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynin dəstəyi ilə Startap Azərbaycanın təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkətinin dəstəyi ilə həyata keçirilən layihənin yekununda ali təhsil müəssisələrinin qalib komandaları ilə “Startap Azərbaycan” yarışması keçiriləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da “Startap günləri” keçirilib

ADPU-da “Startap günləri” keçirilib

Oxşar xəbərlər