Azərbaycan Texniki Universitetində startap günləri başlanıb

Azərbaycan Texniki Universitetində startap günləri başlanıb Aprelin 6-da Azərbaycan Texniki Universitetində (AzTU) startap günləri başlanıb.
Tədbirdə “Startup Azərbaycan” layihəsinin təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz startap günlərində iştirak edəcək tələbələrə bu təşəbbüslə bağlı geniş məlumat verib. Bildirilib ki, startap günlərində əvvəlcə innovativ ideyaların yarışması təşkil olunacaq. Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Daha sonra həmin komandalar ideyalarını “biznes plan”a çevirərək münsiflər heyətinə təqdim edəcəklər.
AzTU-nun rektoru vəzifəsini icra edən Xaliq Yahudov vurğulayıb ki, startap günlərinin keçirilməsinin məqsədi yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodik dəstək göstərmək, eləcə də internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunun inkişafına nail olmaqdır. Startap günlərində iştirak etməklə tələbələr öz ideyalarını dəyərləndirmək və gerçəkləşdirmək, tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq və komanda formalaşdırmaq imkanı qazanacaqlar.
Diqqətə çatdırılıb ki, startap günləri ölkəmizdə dövlət ali təhsil ocaqları arasında ilk dəfə AzTU-da keçirilir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının nümayəndəsi Tural Qubadov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovasiyalar sektorunun müdiri Şəbnəm Məmmədova iştirakçılara uğurlar arzulayıb, onları yarışda fəallıq göstərməyə çağırıblar.
AzTU-da startap günləri aprelin 7-də başa çatacaq.

Hüseyn Şərifov

Oxşar xəbərlər