“Xəyal et” İKT yay düşərgəsi

“Xəyal et” İKT yay düşərgəsi “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.
Tədbirdə bu qurumun sektor müdiri, layihə rəhbəri Ayla Həsənova məktəblilərin gələcəyin ixtisaslarına yönləndirilməsi üçün onların informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə bilik və bacarıqlarının artırılmasına, onlarda rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinin formalaşdırılmasına nail olmaq məqsədilə sahə üzrə müvafiq ali təhsil müəssisələri və digər qurumlarla tanışlığın, ümumi məlumatlılığın yaradılmasının vacib olduğunu bildirib.
Sonra sektor müdiri layihə barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb.
Azərbaycanın müxtəlif ucqar bölgələrindən dəvət olunmuş 35 nəfər 13-14 yaşlı məktəbli qızların iştirakı ilə keçirilən yay düşərgəsi iyunun 28-dək davam edəcək.
Layihə çərçivəsində iştirakçılara mütəxəssislər tərəfindən kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər, informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış qurumlarla, həmçinin ali təhsil müəssisələri ilə yaxından tanışlıq məqsədilə ekskursiyalar, ixtisas seçimi ilə əlaqədar testlər və sorğular, robototexnika üzrə ustad dərsləri, mədəni və idman tədbirləri təşkil olunacaq. Sonda yay düşərgəsinin iştirakçılarına sertifikatlar təqdim ediləcək.
Layihənin əsas məqsədi məktəbli qızların informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağının artırılması, onların gələcək karyera seçimində aidiyyəti sahələr üzrə müvafiq ixtisaslara yönləndirilməsinə dəstək olmaqdır.
Layihə UNESCO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mars Academy və “Sağlam Düşüncə” gənclər təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər