"Rəqəmsal bacarıqlar” pilot layihəsi uğurla davam etdirilir

Yeni tədris ilində Təhsil Nazirliyinin informatika fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” pilot layihəsinin mərhələlər üzrə tətbiqi uğurla davam etdirilir. Layihə informasiya texnologiyaları (İT) sistemləri və proqramlaşdırmanın öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. İnkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara rəqəmsal bacarıqların öyrədilməsi zərurəti ölkəmizin ümumtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.
Bunu jurnalistlərə müsahibəsində “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu direktorunun müavini Fəxri Qurbanov söyləyib.
O, bildirib ki, Azərbaycan MDB ölkələri arasında İT təhsil platformasını miqyaslı şəkildə ümumtəhsil sistemində tətbiqinə ilk imza atan ölkə olub.
2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6 min 500 beşinci sinif şagirdini əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərlərində 71 məktəb üzrə 26 min V və VI sinif şagirdi layihəyə cəlb olunub. Bakı şəhərində 65 məktəb üzrə 23.500-ə yaxın, Gəncədə isə 6 məktəb üzrə 2.500-ə yaxın şagird informatika fənnini yeni formatda öyrənir. Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. “Rəqəmsal bacarıqlar” layihəsi şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihələndirmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Həmçinin layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
Bu fənn üzrə dərsləri tədris edən 250-dən çox müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təşkil edilən ixtisasartırma təlimlərində iştirak edir. Fənnin yeni məzmunu üzrə təlimlər “Alqoritmika” şirkətinin, müəllimlərin İKT bacarıqlarının artırılması təlimi isə “Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin peşəkar təlimçiləri tərəfindən keçirilir.
F.Qurbanov qeyd edib ki, rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib və Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunub. Belə ki, 100 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 1000-ə yaxın müasir kompüterlə təchiz edilib. Ümumiyyətlə, bu günədək “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində ölkə üzrə 230 kompüter otağı və təxminən 2 min 500 yeni müasir kompüter istifadəyə verilib. Bu o deməkdir ki, layihədə iştirak edən 26 min şagirdin hər birinin dərslərdə tapşırıqların fərdi qaydada yerinə yetirməsi üçün heç bir maneə qalmır.
Bu ildən layihədə iştirak edən bütün məktəblər yüksəksürətli internet bağlantısı ilə təmin olunub. Dünyada ən məşhur proqramlaşdırma mühiti sayılan “Scratch 3.0” (son versiyası) Azərbaycan dilinə tərcümə olunub. 2019-cu ildə layihənin xarici ölkələrdə bir sıra nüfuzlu təhsil sərgilərində təmsil olunması planlaşdırılır. Bundan əlavə, layihə zamanı sistemin və məzmunun Azərbaycan dilinə tərcümə olunmasına, yerli tələblərə uyğunlaşdırılmasına, təlimlərin keçirilməsinə və bir sıra digər işlərə elm və təhsilin müxtəlif sahələrindən olan 30-a yaxın yerli mütəxəssis “Alqoritmika Azərbaycan” şirkəti tərəfindən daimi və ya müddətli əsaslarla işə cəlb olunub.

Hikmət Əliyev

Oxşar xəbərlər