Müəllimlərin işə qəbulu imtahanlarında texniki qüsur olan suallar namizədin xeyrinə hesablanacaq

Müəllimlərin işə qəbulu imtahanlarında texniki qüsur olan suallar namizədin xeyrinə hesablanacaq Müəllimlərin işə qəbulu imtahanlarında sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində 9 sualda texniki qüsur müəyyən ediblər.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, ümumi sualların 0,54 faizini təşkil edib: "Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi, (5 sual) eyni sualın imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, bu, namizədin xeyrinə qeydə alınacaq və balının hesablanmasında nəzərə alınacaq".
M.Camalzadə əlavə edib ki, bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və izah olunacaq.
Yekun nəticələr isə sabahdan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-da qədər qeydiyyata alınacaq.
Müraciətlərin nəticələri isə avqustun 6-a qədər şəxsi səhifəyə göndəriləcək. Vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək.
Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir.

Tehsil-press.az

Oxşar xəbərlər