BSU-da tələbələrin qeydiyyatı yekunlaşmaq üzrədir

BSU-da tələbələrin qeydiyyatı yekunlaşmaq üzrədir 2019/2020-ci tədris ilində Bakı Slavyan Universitetinin (BSU) bakalavriat pilləsinin I kursuna qəbul оlmuş abituriyentlərin sənəd qəbulu prosesi sona yaxınlaşır
Məlum olduğu kimi, Bakı Slavyan Universitetində (BSU) təşkil olunmuş sənəd qəbulu üzrə komissiya avqust ayının 15-dən (şənbə və bazar günləri istisna olmaqla) fəaliyyət göstərir. Sənəd qəbulu altı fakültə və 24 ixtisas üzrə aparılır. Komissiyanın sədri, dosent Nəsib Cəbrayılov BSU-nu seçən tələbələrin əksəriyyətinin artıq qeydiyyatdan keçdiyini və onlarla müqavilə imzalandığını bildirir. O, ümumiyyətlə Bakı Slavyan Universitetini seçənlərin sayının ildən-ilə artdığını vurğulayır. N.Cəbrayılov bunu BSU-dakı ixtisasların günün tələbinə uyğun olması və həmin ixtisaslara tələbatın ildən-ilə artması ilə əlaqələndirir. O, Şərqi Avropa ilə Azərbaycan Respublikasının əlaqələrinin genişlənməsinin bu məsələdə müstəsna rol oynadığını qeyd edir.
BSU-nun elmi işlər üzrə prorektoru, rektor əvəzi, professor R.Novruzov bunu respublikamızın gündən-günə artan nüfuzu ilə əlaqələndirir: “Müstəqil respublikamızın nüfuzunun ildən-ilə yüksəlməsi, slavyan ölkələri ilə birbaşa əlaqələrin qurulması, mədəni-iqtisadi sahədə münasibətlərin daha da dərinləşməsi bizdən mütəxəssis hazırlığına diqqəti artırmağı tələb edir. Sovet dönəmində xarici əlaqələr Moskvadan idarə olunduğundan yerli kadrlara ehtiyac qalmırdı. Bu gün isə respublikamız müstəqildir, xarici ölkələrlə Azərbaycan özü birbaşa əlaqələr qurur, bütün sahələrdə öz mütəxəssislərimiz çalışır. Təbii ki, BSU-nun tarixi təcrübəsi, yüksək səviyyəli professor-müəllim heyəti kadr hazırlığı işini yüksək səviyyədə həyata keçirməyə imkan verir. Onlarla tələbəmiz müxtəlif ölkələrin səfirliklərində çalışırlar”.
O, bu il tələbələrin Bakı Slavyan Universitetinə xüsusilə üstünlük verdiklərini, demək olar ki, bütün ixtisaslar üzrə yerlərin tutulduğunu bildirir. R.Novruzov plan üzrə BSU-ya 1110 yer verildiyini və həmin yerlərin artıq 90 faizinə sənəd qəbulunun başa çatdığını qeyd edir.
R.Novruzov sənəd qəbulu prosesinin də bu il daha da təkmilləşdirildiyini, əvvəlki illərdən fərqli olaraq tələbə müqavilələrinin dərhal verildiyini bildirir. Komissiya sədri qeyd edir ki, əvvəllər müqavilələr sentyabr, bəzən oktyabr aylarında verildiyindən müəyyən çaşqınlıq yaranırdı. Tələbə öz üzərinə və universitetin üzərinə düşən öhdəliklərdən bixəbər olurdu. İndi isə tələbələr bütün məsələlər barədə qabaqcadan rəsmi şəkildə məlumat alırlar.
R.Novruzov əlavə edir ki, qəbul prosesinin birinci mərhələsi avqustun 27-dək davam edəcək və həmin dövrədək əsas qəbulda iştirak edən tələbələr qeydiyyatdan keçəcəklər. O, bugünədək tələbələrin təxminən 93 faizinin sənədlərini təqdim etdiklərini və əksəriyyəti ilə müqavilə bağlandığını bildirir.
Rektor əvəzi BSU-da sənəd qəbulu prosesinin yüksək səviyyədə aparlılmasında komissiya üzvlərinin hər birinin əməyini xüsusi qeyd edir. Onu da bildirək ki, sənəd qəbulu prosesində komissiyası üzvləri ilə yanaşı, beş könüllü tələbə də çalışır.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər