Mingəçevir Dövlət Universitetinin tələbələri İspaniyada təhsil alacaqlar

Mingəçevir Dövlət Universitetinin tələbələri İspaniyada təhsil alacaqlar Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Universitetində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb.
Görüşdə çıxış edən Şahin Bayramov sürətlə dəyişən və qlobal xarakter alan əmək bazarı üçün yüksəkixtisaslı kadr hazırlığında beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb. O, MDU-da qabaqcıl xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini və bununla bağlı konkret addımlar atıldığını bildirib.
Şahin Bayramov 2019/2020-ci tədris ilinin payız semestrində İspaniyada akademik mübadilədə iştirak edəcək Aytac Əliyevanı və Əmrah Qasımovu təbrik edib, Avropada alacaqları təhsilin onların gələcək karyera inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. Rektor “Erasmus+” proqramı çərçivəsində təqdim olunan imkanlardan maksimum faydalanmağı tövsiyə edib. Xaricdə təhsil müddətində akademik nailiyyətlər əldə etməklə yanaşı, ölkəmizi layiqincə təmsil etməyin vacibliyini və Azərbaycan həqiqətlərini Avropadakı tələbələrə çatdırmağın əhəmiyyətini vurğulayıb.
Rektor tələbələri İspaniyada təhsil aldıqları müddətdə MDU ilə sıx əlaqə saxlamalarının önəmini bildirib, həmin dövrdə onlara MDU tərəfindən zəruri təşkilati dəstəyin göstəriləcəyini qeyd edib.
Tələbələr Avropada təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib və Vallodolid Universitetində yüksək akademik göstəricilər əldə etməklə MDU-nu layiqincə təmsil edəcəklərinə söz veriblər.

MDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər