IAEA 2019: Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu

IAEA 2019: Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) davam edir.
Sentyabrın 26-da IAEA 2019 beynəlxalq konfransının əsas məruzəçilərindən biri, "British Council" təşkilatının qiymətləndirmə üzrə tədqiqat qrupundan aparıcı tədqiqatçı və meneceri Cemi Dunli "Təhsil islahatında ümumi normaların effektiv həyata keçirilməsində standartların rolu" mövzusunda çıxış edib.
Məruzədə təhsil sistemlərində standartlar tətbiq edən ölkələrin qarşılaşdığı bəzi ümumi problemlər nəzərdən keçirilib, Avropa və Asiyada tətbiq edilən imtahan təcrübəsində həm Ümumi Avropa Dil Çərçivəsi standartları (CEFR) kimi beynəlxalq səviyyə, həm də son dövrlərdə yaranmış ingilis dili üzrə dil bacarıqlarının Çin standartları (CSE) diqqətə çatdırılıb. Cemi Dunlinin fikrincə, testlərin standartlara uyğunlaşdırılması prosesinin əsas hissəsi standartların müəyyənləşdirilməsi metodologiyasıdır. Mükəmməl olmasa belə imtahanların standartlara uyğunlaşdırılması metodologiyası ölkə səviyyəsində təşkil olunan genişmiqyaslı qiymətləndirmə bacarıq testləri kimi məktəbdaxili testləri tərtib edən müəllimlər üçün eyni dərəcədə əhəmiyyətlidir. Standartların həyata keçirilməsinin əsas xüsusiyyəti onların müəyyənləşdirilməsi prosesi də daxil olmaqla testlər və qiymətləndirmələrin əlaqələndirilməsi prosesində müəllimlər üçün kifayət qədər təlimlər keçirilməsini tələb edir.
Məruzədə, həmçinin imtahan və bir sıra normalar arasında əlaqəni dəstəkləmək üçün standartın müəyyənləşdirilməsi barədə daha geniş çərçivədə məlumatların toplanması və qiymətləndirilməsi nəzərdən keçirilib.
Xatırladaq ki, "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.
IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər