BDU-da amerikalı mütəxəssisin “Şüurlu özünəmərhəmət” mövzusunda təlim proqramı təşkil olunub

BDU-da amerikalı mütəxəssisin “Şüurlu özünəmərhəmət” mövzusunda təlim proqramı təşkil olunub Bakı Dövlət Universitetində (BDU) “YARAT” Müasir İncəsənət Məkanının “İnsan: özünü dərk et” adlı geniş özünüinkişaf proqramı çərçivəsində amerikalı mütəxəssis Stiven Hikmanın “Şüurlu özünəmərhəmət” mövzusunda mühazirəsi və təlim proqramı təşkil olunub.
Seminar-təlimdə psixologiya elmləri doktoru və lisenziyalı klinik psixoloq Stiven Hikman insanda bir çox qabiliyyət və bacarıqlar haqqında bilgilərin genişlənməsini təmin etmək məqsədilə insanın fiziki sağlamlığına emosiyaların təsiri və emosional sağlamlığı qorumaq üçün praktik təlimatlara dair məlumatları iştirakçılarla bölüşüb. O, həyatın çətin anlarında insanın özünü qarşı səmimi və qarışıq münasibətlərin necə inkişaf etdirilməsi barədə praktiki biliklər təqdim edib. Həmçinin diqqətin toplanması, əsas emosiyaların dərki, çətin situasiyalarda daxili harmoniyanı qorumaq, stressi idarə etmək kimi məsələlərdən bəhs edib, sualları cavablandırıb.
Qeyd edək ki, dünyaca məşhur olan qeyri-kommersiya təşkilatı San Dieqo “Şüurlu Özünəmərhəmət Mərkəzi”nin (Center for Mindful Self-Compassion) qurucusu və icraçı direktoru olan Stiven Hikman məlumatlılığa əsaslanan koqnitiv terapiya sahəsində peşəkar və sertifikatlı müəllim hazırlığı üzrə 15 il təlimçilik təcrübəsinə malikdir. O, hazırda şüurlu özünəmərhəmət mövzusunda müxtəlif ölkələrdə təlim və seminarlar keçirir, məlumatlılığa əsaslanan stres azaltma mövzularına dair klinik tədqiqatlarda iştirak edir.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər