Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil ediblər Böyük Britaniyanın paytaxtı Londonda keçirilən 10-cu beynəlxalq “Bir gənc dünya” sammitində ölkəmizi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri təmsil ediblər.
Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Cahid Süleymanov və Coşqun Səmədov tədbirdə müxtəlif mövzular üzrə təşkil olunan diskusiyalarda iştirak ediblər. Onlar BP tərəfindən tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək məqsədilə keçirilən “Bacarıqların təkmilləşdirilməsi” proqramının qalibləri kimi bu sammitdə iştirak hüququ qazanıblar.
Sammitdə gender bərabərliyi, terrorla mübarizədə çıxış yolları, dünyada təhsilin inkişafı, ətraf mühitin qorunması və s. kimi qlobal mövzulara toxunulub. 190 ölkədən olan 2 min gənc lideri bir araya gətirən sammitin builki qonaqları Kanadanın Baş Naziri Castin Tryudo, BMT-inin keçmiş Baş katibi Kofi Annan, baş yepiskop Desmond Tutu, ser Bob Geldof və Riçard Branson, Nobel sülh mükafatı laureatı Muhammad Yunus, BMT-nin xoşməramlı səfiri Emma Uotson, Oskar mükafatçısı Djon Landau, İrlandiyanın keçmiş Prezidenti Meri Robinson, şahzadə Megan Markl olublar.
Qeyd edək ki, “Bir gənc dünya”nın missiyası daha məsuliyyətli rəhbərliyin formalaşdırılmasıdır. İllik sammit, qlobal və milli şirkətlərin, QHT-lərin, universitetlərin və digər qabaqcıl təşkilatların ən istedadlı gənc liderlərini bir araya gətirir.
“Bir gənc dünya” təşəbbüsü 2009-cu ildə Devid Cones və Keyt Robertson tərəfindən yaradılıb. Öncəki illərdə sammit London, Sürix, Vaşinqton, Yoxansburq, Dublin, Bangkok, Ottava kimi şəhərlərdə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər