Argentinanın Azərbaycandakı səfiri ADA Universitetində tələbələrə mühazirə oxuyub

Argentinanın Azərbaycandakı səfiri ADA Universitetində tələbələrə mühazirə oxuyub Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella ADA Universitetində tanqo rəqsinin tarixi barədə mühazirə oxuyub.
Səfir ölkəsinin Avropa ilə olan sıx mədəni və tarixi əlaqələrinə toxunub. O bildirib ki, Argentinaya köç etmiş avropalılar gəmilərdə özləri ilə gitara, skripka kimi musiqi alətləri gətirərək ölkə mədəniyyətinə təsir göstəriblər.
Osvaldo Perez Qunella qeyd edib ki, 1890-cı ilədək Argentinada polka, vals, mazurka kimi rəqslər ifa edilirdi. 1920-ci illərədək tanqo musiqisi improvizə vasitəsilə ifa olunurdu. Musiqi alətləri isə skripka, gitara və bəzən də fortepiano idi. 1910-cu illərdə artıq Argentinada tanqo musiqisi qrammofon vasitəsilə qeydə alınmağa başlandı.
Məruzədə, həmçinin tanqoya yeniliklər gətirmiş məşhur musiqiçilər, o cümlədən Fransada doğulan Karlos Gardel başda olmaqla Fransisko Kanaro, Xuan Darienzo, Anibal Troilo, Osvaldo Fresedo və başqalarından bəhs olunub.
Bəstəkar Astor Piazzolla ilə başlayan tanqonun dirçəlməsindən söz açan səfir bildirib ki, hazırda Buenos-Ayresdə 200-dən çox tanqo orkestri var.
Tədbirdə rəqqaslar tanqo nümunələri təqdim ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər