Bakı Slavyan Universitetində xeyriyyə yarmarkası təşkil olunub

Bakı Slavyan Universitetində xeyriyyə yarmarkası təşkil olunub Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə dekan müavinləri, kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr və universitetin nəzdindəki Məktəb-Lisey Kompleksinin şagirdləri iştirak ediblər.
Bayram tədbirini giriş sözü ilə açan Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O bildirib ki, hər il Yeni il ərəfəsində universitetin ikinci tədris binasında ənənəvi olaraq keçirilən bayram tədbirində tələbə-gənclərin əl işlərindən ibarət xeyriyyə yarmarkası təşkil olunur. Həmişə olduğu kimi, bu dəfə də xeyriyyə tədbirindən əldə edilən vəsaitlə kimsəsiz uşaq və qocalara yardım olunacağını deyən G.Əliyeva gənclərin xeyriyyəçilik addımını yüksək qiymətləndirib, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Tədbirdə Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Stefani Matzer, BSU-nun Alman filologiyası kafedrasının müdiri, professor Sevinc Rzayeva və kafedranın dosenti Telman Kazımov, baş müəllim Səbinə Hüseynova, Roman filologiyası kafedrasının müdiri, dosent İnnara Tarzumanlı, İngilis filologiyası kafedrasının əməkdaşları, tədbirin təşkilatçılarından Firuzə Kərimova, Könül Sədiyeva və digərləri çıxış edərək tələbə-gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək dəyərləndiriblər.
Bayram tədbiri konsert proqramı ilə davam edib. BSU-nun “Arzu” rəqs ansamblının təqdimatında rəqslər, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbələrinin hazırladıqları bədii-musiqili kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

BSU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər