2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı

2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı 2019-cu il Azərbaycanda inqilabi əhəmiyyət daşıyan köklü islahatlarla yadda qaldı. İlin əvvəlindən etibarən bütün ölkəni əhatə edən sistemli islahatlar ölkənin həyatını dəyişdi.
Bunu Tehsil-press.az-a politoloq Ceyhun Əhmədli deyib. O bildirib ki, hakimiyyətin bütün qolları bu müsbət tendensiyanın təsiri altına düşüb: "Qısa zaman ərzində dövlət orqanlarının optimallaşdırılması, daha çevik idarəetmə aparatının formalaşdırılması istiqamətində ciddi addımlar atıldı. Gənclərə böyük meydan verildi. Aparılan struktur və kadr dəyişiklikləri, məhkəmə-hüquq sahəsindəki islahatlar, habelə 4,2 milyon vətəndaşımızı əhatə edən sosial paketlər Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmaqla ölkəmizdə xalq-iqtidar birliyinin təməllərini daha da möhkəmlətdi. Bütün bu faktlar onu deməyə əsas verir ki, 2019-cu ildə qarşıya qoyulmuş bütün məqsədlərə nail olunub".
Politoloq vurğulayıb ki, 2019-cu il ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə də xarakterik oldu: "İl ərzində ölkəmizdə çox mühüm beynəlxalq tədbirlər keçirildi. Paytaxtımız Qoşulmama Hərəkatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, habelə dünya dini liderlərinin zirvə toplantılarına ev sahibliyi etdi. Regionun diplomatik paytaxtına çevrilən Bakı ənənəsinə sadiq qalaraq NATO-Rusiya hərbi komandanlıqlarının müzakirə məkanına çevrildi.
Əvvəlki illərdə əsası qoyulan böyük enerji layihələrinin icrasında ciddi irəliləyişlərə nail olundu. Azərbaycan Prezidentinin bilavasitə təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinin son mərhələləri icra olunmaqdadır. Şimaldan Cənuba, Şərqdən Qərbə uzanan enerji və nəqliyyat layihələrində ölkəmizin aparıcı rol oynaması beynəlxalq münasibətlər sistemindəki yerimizi də möhkəmləndirdi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilib".
C.Əhmədli qeyd edib ki, Azərbaycan sabitlik, təhlükəsizlik və inkişaf məkanı olaraq qalır: "Doing Business 2020" hesabatında Azərbaycan dünyanın ən islahatçı 20 ölkəsindən biri oldu. Amerikanın "U. S. News & World Report" jurnalının 2019-cu il üzrə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci pillədə qərarlaşdı. Halbuki, Avropanın bir sıra inkişaf etmiş ölkələri həmin siyahının daha aşağı pillələrində yer almışdı. Bütün bunlar onu göstərir ki, il ərzində ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq institutların da diqqətindən yayınmayıb.
Müsbət fikirlər söyləyə bilmədiyimiz yeganə sahə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı oldu. Təəssüf ki, Ermənistan dövlətinin apardığı destruktiv mövqe münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Lakin bunun ən böyük fəsadını Ermənistan dövləti görəcək. Çünki hər keçən gün düşmən ölkənin geosiyasi və geoiqtisadi blokadası daha da dərinləşir. Sərhədlərinin 80 faizinin bağlı olduğu bir ölkə heç vaxt inkişaf yoluna qədəm qoya bilməz. Zaman Paşinyanın əleyhinə işləyir. Onun verdiyi vədləri tezliklə yerinə yetirməsi üçün yeganə yol Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv addımlarla dəstək verməkdən keçir. Ermənistanın hazırkı rəhbərliyi bu reallığı nə qədər tez dərk etsə, onlar üçün bir o qədər yaxşı olacaq".

Tehsil-press.az

Oxşar xəbərlər