Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər başlanıb

Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər başlanıb Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər mərhələsinə başlayıb.
Təlimlər Azərbaycan Universitetində iki gün müddətində 25 nəfərlik qruplarda keçirilir.
Təlimlərin birinci günü səmərəli ünsiyyət və işgüzar etiket, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin avqust ayından başlanıb və 881 nəfər qeydiyyatdan keçib.
Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Sonra namizədlər yekun test imtahanı verəcəklər. İmtahandan məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

Tehsil-press.az



Oxşar xəbərlər