
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib. O bildirib ki, təhsil işçilərinə böyük ruh yüksəkliyi verən bu fikirlər hər birimizə öz fəaliyyətimizi müəyyənləşdirərkən bir daha gələcəyə baxmağa, həyata keçiriləcək işləri əhəmiyyətinə görə daha səmərəli şəkildə sıralamağa və sistemləşdirməyə sövq edir. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ümumtəhsil müəssisələrindəki yüksəksəviyyəli təlim şəraiti daha hazırlıqlı və hərtərəfli gəncliyin yetişdirilməsinə zəmin yaradır. Qeyd edim ki, təkcə 2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəb üçün yeni bina (mövcud olan və ehtiyac olan ərazidə) inşa olunub. İki məktəbin köhnə korpusları sökülərək yenidən tikilib. Altı məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 224 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri yerinə yetirilib.
Həmçinin 4 məktəb binasının və əlavə korpusun yenidən inşasına başlanılıb. Eləcə də 1 yeni məktəb binasının və 1 məktəb üçün əlavə yeni korpusun tikintisi davam etdirilir.
2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimlərində iştirakı, təmirdən sonra məktəblərdə yaradılan şəraitlə tanış olmaları müvafiq sahəyə göstərilən diqqət və qayğıya bariz nümunədir.
“Aparılan tikinti işləri əsasən ehtiyac olan əraziləri əhatə edir ki, bu da birbaşa şagird sıxlığının aradan qaldırılmasında və təhsilin keyfiyyətinin yüksəldilməsində özünü göstərir. Bütün bunlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlərin davam etdirilməsinə imkan verir. Durmadan inkişaf edən və yeniləşən Bakı təhsili ölkə təhsilinin flaqmanı kimi dövlətin qayğısına öz uğurları və parlaq nəticələri ilə cavab verir. Belə ki, ümumi təhsildə müasir və çevik yanaşmalar sayəsində təhsil müəssisələrimiz istər keyfiyyət göstəriciləri, istərsə də daha sağlam mənəvi-psixoloji mühitin təmin olunması baxımından ciddi uğurlara imza atır. Bütün bu uğurlar ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində, cəmiyyətdə təhsilə olan müsbət yanaşmaların genişlənməsində və təhsil işçilərinin sosial müdafiəsinin möhkəmlənməsində özünü göstərir. Təhsilin inkişafı ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün təhsil işçilərinin üzərinə düşən məsuliyyət nə qədər böyük olsa da, bir o qədər şərəflidir. Müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlarda dövlətin qayğısı əsas rol oynayır, təhsil işçilərini daha böyük nailiyyətlərə səsləyir”, - deyə Rəşad Tağıyev qeyd edib.
Tehsil-press.az