İngilis dili müəllimlərinin nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilir

İngilis dili müəllimlərinin nəzəri bilikləri və tədris bacarıqları təkmilləşdirilir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanına start verilib.
“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptis İmtahanının keçirilməsində məqsəd ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının yoxlanılması, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da təkmilləşdirilməsidir.
İmtahanda layihənin tətbiq edildiyi 68 ümumtəhsil məktəbindən 600 nəfər ingilis dili müəlliminin iştirakı nəzərdə tutulub.
Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunmuş ingilis dili müəllimlərinin yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilir.
İmtahanda iştirak etmiş müəllimlər tədris ili ərzində diltəkmilləşdirmə, metodologiya və məktəb əsaslı peşəkar təlimlərə cəlb olunacaqlar. Təlimlərdən sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.
“Uğur üçün tədris” (SPEX) layihəsi BŞTİ və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər