Elm, təhsil və sənətin qovuşduğu məkan: Bakı Xoreoqrafiya Akademiyası

Elm, təhsil və sənətin qovuşduğu məkan: Bakı Xoreoqrafiya Akademiyası Azərbaycanda rəqs sənətinin tarixi qədim zamanlara gedib çıxır. Qobustan qaya təsvirlərində “Yallı”nı xatırladan sxematik təsvirlər buna sübutdur. Min illər ərzində inkişaf edərək zənginləşən bu sənət bir çox xarakterik xüsusiyyətlərini mühafizə edərək saxlayıb.
Bu gün Azərbaycan xoreoqrafiya sənəti həm milli, həm də klassik rəqsi özündə ehtiva edir. Milli rəqslər xalqımızın tarixdən gələn ənənələrinin davamçısıdır. Klassik rəqslər isə xoreoqrafiya sənətinin əsas sahələrindən biridir. Burada baza olaraq sayılan klassik balet öz gözəlliyi və əsrarəngliyi ilə diqqəti cəlb edir. Düşündürücü məqam isə ayaq barmaqları üzərində belə gözəl sənət nümunələri yarada bilən istedadların bu sənətə necə yiyələnməsidir. Yalnız qəlbi səhnə sevgisi ilə döyünən incəsənət fədailəri bu çətin sənəti davam etdirə bilərlər. Məhz bu səbəbdən, Qafqazda öz sahəsi üzrə yeganə təhsil kompleksi olan Bakı Xoreoqrafiya Akademiyasında (BXA) tədris sistemi ilə tanış olmaq qərarına gəldik.
“Rəqs insanla birgə doğulan, gözəlliyi vəsf edərək müvafiq fikri təcəssüm edən, kainatda ilahi qüvvələrin qarşılıqlı cazibə və məhəbbətindən yaranan hərəkətlərin məcmusudur. Alimlər müasir cihazların köməyilə qadın bətnində insanın formalaşma prosesini müşahidə edib, xüsusi enerji nəticəsində meydana gələn hüceyrələrin rəqsvarı hərəkətlərini görüblər. Deməli, rəqs insanın qanında, canında və ruhundadır. Rəqs sənətinə gəldikdə isə bu işin öhdəsindən Bakı Xoreoqrafiya Akademiyası layiqincə gəlir. 90 yaşlı Azərbaycan milli xoreoqrafiya sənətinin keşikçisi olan Bakı Xoreoqrafiya Akademiyası ən nəcib sənət növü olan, onun klassik və milli təzahürlərini qoruyub inkişaf etdirən və gələcək nəsillərə ötürən rəqsin tədrisi və təbliği ilə məşğuldur. Azərbaycan xoreoqrafiya təhsili 90 il ərzində şərəfli yol keçib, zəngin pedaqoji ənənələr formalaşdırıb, yüksək sənət nailiyyətlərinə imza atıb. Maraqlıdır ki, uzun illər ərzində respublikamızda xoreoqrafiyanın tədrisi orta ixtisas təhsili səviyyəsində aparılıb. Bununla belə Xoreoqrafiya məktəbi əsl sənət ocağı kimi formalaşıb, burada əsl sənətkarlar yetişib”.
Ə.Babazadə qeyd edib ki, Azərbaycan baleti və rəqsinin bütün dünyada tanınan nümayəndələri yetişib. Qəmər Almaszadə, Leyla Vəkilova, Maqsud Məmmədov, Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova və başqaları Azərbaycan xoreoqrafiya sənətini layiqincə təmsil ediblər. Hazırda onların böyük sənətini orta və gənc nəslin tanınmış nümayəndələri davam etdirir.
Vurğulanıb ki, Azərbaycan milli xoreoqrafiya təhsili bir neçə əsas inkişaf mərhələsindən keçib. Bunu beş dövrə bölmək olar: birinci dövr - 1920-1936-cı illər; ikinci dövr - 1936-1960-cı illərin sonu; üçüncü dövr - 1970-1990-cı illərin əvvəli; dördüncü dövr - 1990-cı illərin sonu - 2000-ci illər; beşinci dövr – 2014-cü ildən bu günə kimi. Milli xoreoqrafiya təhsili tarixində, şübhəsiz ki, üçüncü dövrün müstəsna əhəmiyyəti var. Əlbəttə, bu, ulu öndər Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlişi ilə əlaqədardır. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk günlərdən güclü iqtisadiyyat qurmaqla yanaşı, həm də mədəniyyətin, o cümlədən mədəni təhsilin inkişafına böyük diqqət yetirməyə başladı. Xoreoqrafiya təhsili də daim onun nəzarətində idi.
Xoreoqrafiya təhsilinin son dövrü – beşinci dövr – tətbiq etdiyimiz bölgü sistemində zaman etibarilə ən qısa dövrdür. Lakin buna baxmayaraq bu müddət ərzində çox iş görülüb, ciddi nəticələr, uğurlar əldə olunub. Bu dövr öz başlanğıcını Prezident İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında Sərəncamından götürür və bu gün də davam edir. Akademiya Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılıb. Burada təhsilin üç əsas pilləsi – tam orta, orta ixtisas və ali, o cümlədən bakalavriat, magistratura və doktorantura yaradılaraq, peşə təhsilinin ardıcıllığı, fasiləsizliyi və mütəşəkkilliyi təmin edilib. Akademiyada xoreoqrafiya sənəti ilə yanaşı, bədii təhsilin digər ixtisasları üzrə də kadr hazırlığı aparılır, incəsənət fakültəsi və kafedralar yaradılıb. Hazırda burada 700-ə yaxın təhsilalan var. “Bakı Xoreoqrafiya Akademiyası elm, təhsil və sənətin qovuşduğu məkan kimi gənc nəslin bədii-estetik tərbiyəsi, yaradıcı təfəkkürünün inkişafı və milli mədəniyyətin təbliği ilə birbaşa məşğul olduğuna görə burada təhsil alan uşaq və gənclərin Azərbaycanın layiqli vətəndaşı kimi yetişdirilməsini qarşısına məqsəd qoyub”, - deyə Ə.Babazadə qeyd edib.
Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin rəhbəri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova bildirib ki, müvafiq pillədə 5 ixtisas - xoreoqrafiya sənəti, rəqs müəllimliyi, instrumental ifaçılıq, xalq çalğı alətləri ifaçılığı və menecment üzrə 201 tələbə təhsil alır. İnstrumental ifaçılıq və menecment ixtisaslarının ləğv edilməsinə baxmayaraq əvvəlki illərdə bura qəbul olan tələbələr həmin dərslərini davam etdirirlər. Dövlət hesabına təhsil alan tələbələrə təqaüdlər verilir. Bura təhsilin subbakalavr pilləsidir. Buranı müvəffəqiyyətlə bitirən tələbələr təhsillərini bakalavr səviyyəsində davam etdirə bilər. Bunun üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını və qabiliyyət imtahanı verməlidirlər. Beynəlxalq müsabiqələr laureatları olan tələbələr bakalavriata qəbul zamanı qabiliyyət imtahanından azad olunurlar. Yeni qaydaya əsasən eyni ixtisas üzrə bakalavriata qəbul olmuş tələbələrimiz üçün qiyabi təhsil almaq imkanı yaradılıb.
Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin xüsusi fənlər üzrə direktor müavini Kamilə Əliyeva tədris prosesindən danışıb. Qeyd edib ki, akademiyanın tam orta təhsil pilləsinə qəbul I-V və VIII siniflərədir. V sinifdə şagirdlər öz maraq və istedadına görə milli və klassik şöbəyə ayrılırlar. IX sinfi bitirdikdən sonra uşaqlar təhsillərini orta ixtisas təhsil pilləsində davam etdirmək üçün imtahan verirlər. İmtahanı müvəffəqiyyətlə verən uşaqlar təhsillərini 3 illik orta ixtisas təhsil pilləsində davam etdirirlər. İmtahandan keçə bilməyən uşaqlar üçün isə akademiyada təhsillərini 10 və 11 siniflərdə davam etdirməyə imkan yaradılıb. Hazırda akademiyanın tam orta təhsil pilləsində 333 şagird təhsil alır. Hər fənn üzrə proqramlar mütəxəssislər tərəfindən yazılır. Burada təhsil almaq uşaqlar üçün çox maraqlıdır. Çünki burada peşəkar mütəxəssislər çalışır, digər məktəblərdə tədris olunmayan fənlər keçilir. Birinci sinifdən başlayaraq şagirdlərə fransız dili tədris olunur. Balet üçün fransız dilini bilmək vacib şərtdir. Çünki Fransada yaranan bu sənətdə terminlərin əksəriyyəti fransızcadır. Bu terminləri anlamadan baletin dərinliklərinə yiyələnmək olduqca çətindir.
K.Əliyeva vurğulayıb ki, məktəbə qəbul üç mərhələ üzrə aparılır. Birinci mərhələdə müraciət edənlərin ilkin bilik və bacarıqları, sonra musiqi duyumları və plastikaları yoxlanılır. Üçüncü mərhələdə uşaqlar həkim nəzarətindən keçirilir. Məktəbə qəbul olunduqdan sonra şagirdlərin çəkiləri nəzarətdə saxlanılır. Çəkidə artım olduqda, onlar üçün məktəbin bufetində xüsusi menyu hazırlanır, qidalanmaları barədə mütəxəssislər məsləhət verirlər.
Xalq artisti, akademiyada xarici əlaqələr üzrə prorektor Təranə Muradova isə söhbət zamanı xoreoqrafiya sənətinin çətinliklərindən söhbət açıb. Müsahibimiz bildirib ki, xoreoqrafiya sənəti onun həyatıdır. O, bu sənətə 5 yaşından gəlib, görkəmli rəqs ustalarından dərs alıb. İndi akademiyada həm beynəlxalq əlaqələrin qurulmasında, həm xarici mütəxəssislərin ustad dərslərinin keçirilməsində, eləcə də tələbələrin təlim-tərbiyəsi və tədrisi ilə məşğuldur. Eyni zamanda, yiyələndiyi sənətin dərinliklərini, milli rəqslərimizi gənc nəslə ötürür. Prorektor deyib ki, akademiyada 5 il ərzində böyük işlər görülüb. Beynəlxalq əlaqələr genişləndirilib. Bizdə xarici ölkələrdən tələbələr təhsil alırlar. Ən çox İran vətəndaşları burada təhsil almağa maraq göstərirlər. Qafqazda yaşayan xalqların nümayəndələrinin burada təhsil almağa böyük marağı var. Buna görə də qiyabi şöbənin olması tələbə artımına səbəb ola bilər. Xarici tələbələrin xoreoqrafiyaya marağı çox böyükdür. Diqqəti çəkən məqam odur ki, bu tələbələr təkcə dünya rəqslərini və klassik rəqsləri deyil, həm də milli rəqslərimizi öyrənirlər. Bu rəqsləri öz doğma ölkələrində ifa edirlər. Bu da rəqslərimizin təbliğində mühüm rol oynayır.
O vurğulayıb ki, bununla belə xoreoqrafiya sənətinin öz problemləri də vardır. Bu sənətin ömrü çox qısadır, çünki rəqqas və ya rəqqasə sənətdə müəyyən yaşa kimi qala bilər. Sənətkarların səhnədən sonra da yaşayıb fəaliyyət göstərməsi üçün bu sənətə çox ciddi yanaşılmalıdır. Bu sənəti yaşatmaq üçün hər birimizin üzərinə məsuliyyət düşür. “Xoreoqrafiya əziyyətli, çətin sənət olmasına baxmayaraq ən gözəl sənətdir. Burada hər şey canlıdır. Səhnədə tamaşaçını aldatmaq mümkün deyil. Nəyin yaxşı, nəyin pis olduğunu görmək üçün xoreoqrafiya akademiyasını bitirməyə gərək yoxdur. Zövqlü və ürəkli insan olmaq lazımdır. Balerinaların puanta üzərində illərboyu rəqs etməsi onların ayaq və damarlarını sıradan çıxarır. Elə bir balerina yoxdur ki, onun ayaq barmaqları gözəl görünüşdə qalsın. Sadəcə, o barmaqlara baxmaq kifayət edər ki, bu sənətin necə əziyyətli olduğunun şahidi olasan. Əvvəlcə barmaqlar üzərində gəzməyi, oynamağı, sonra fırlanmağı və hoppanmağı öyrənirsən. Milli rəqslərimizi ifa edən kişilər isə barmaqları üzərində rəqs edirlər. Səhnəni atandan sonra bədən əzələləri əziyyət çəkir. Ona görə də daim məşq etməli oluruq. Bütün bu əziyyətlərə baxmayaraq, akademiyada çalışan Azərbaycan rəqs sənətinin korifeyləri, əsl sənət fədailəri, peşəkar mütəxəssislər əldə etdikləri bilikləri gənc nəslə həvəslə ötürürlər”, - deyə T.Muradova vurğulayıb.
Akademiyanın qrim üzrə müəllimi Sevda Səmədova bildirib ki, bu fənn orta ixtisas təhsil pilləsinin birinci və yalnız xoreoqrafiya ixtisası üzrə təhsil alan tələbələrinə tədris edilir. Qrimlənmək 3 mərhələdən ibarətdir. Tələbələr obraza hansı qrimin yaraşdığını, rəqsə hansı dəri rənginin uyğun gəldiyini bilməlidirlər. Milli qrimlərdə hər obraza uyğun dəri rəngi olur. Xarakterik qrimlər də var. Uzun illərdir bu fənni tədris etməyimə baxmayaraq, hər dəfə uşaqlarda yeni yaradıcılıq istedadlarının şahidi oluram. Çünki hər bir tələbə öz daxili dünyasına uyğun obraz yaradır. Onların daxili aləmini üzə çıxarır.
Xalq artisti, Prezident mükafatçısı, dosent Yusif Qasımov deyib: “Azərbaycan milli rəqs sənətini 30 ildir ki, tədris edirəm. Dərslərimiz fənn proqramı əsasında keçirilir. Azərbaycanda klassik rəqsdə olmasına baxmayaraq, divar dəzgahı qarşısında milli rəqs heç vaxt tədris olunmayıb. Bunun vacib olması səbəbindən ilk dəfə divar dəzgahı qarşısında milli rəqs dərsliyini hazırladım. Bu dərslik yenidən proqram halında akademiyada orta ixtisas təhsil pilləsindən başlayaraq keçirilir. Milli rəqslərimizin tarixi çox qədim olduğuna görə tarixi rəqslərindən tutmuş müasir rəqslərinə kimi tədris edirik. Bir məqamı çox təəssüflə qeyd etmək istəyirəm ki, 20 il əvvəl sırf sənətə bağlı, ürəyi sənətlə döyünən tələbələri daha çox görürdük. Onlar sırf peşəkar səhnə üçün gəlir, sənət fədaisi olurdular. Ona görə də o tələblər arasında dövlət mükafatçıları, fəxri adlarla təltif olunanlar çoxdur. İndiki tələbələrin əksəriyyəti isə peşəkar səhnədə deyil, digər məkanlarda oynamağa üz tuturlar. Bu da çox təəssüf doğurur”.
Prezident təqaüdçüsü, Azərbaycan milli rəqsi və tarixi məişət fənninin müəllimi Çinarə Quliyeva qeyd edib ki, akademiyada dərslər çox maraqlı keçir. Tədris etdiyim milli rəqslərimizdə ən vacib məqam əllərin plastikası və qamətin düzgün saxlanmasıdır. Tədrisə 5-ci sinifdən başlayırıq. Əgər bu yaşdan təməli düzgün qoymasaq gələcəkdə çətin olur. Ona görə də biz tədrisin ilk ilində qızlarda düzgün əl plastikası və qaməti formalaşdırırıq. Xoreoqrafiya əzələlərin düzgün hazırlığını, dözümlülüyün artmasını, gərilməyin yaxşılaşdırılmasını, məşqlərin bədənin nizamına uyğun düzəldilməsini formalaşdırır. Əgər uşaqlar körpəlikdən bu rəqs növü ilə məşğul olsalar, onlarda dözümlülük, güc, əməksevərlik və əzmkarlıq formalaşar. Xoreoqrafiyada əsas şərtlərdən biri fırlana bilmək bacarığıdır. Bunun sayəsində xoreoqrafiyanın bütün əsas hərəkətləri yerinə yetirilir. Əgər bu istedad uşağa anadangəlmə verilməyibsə, onu sonradan da qazanmaq olar. Bunun üçün müntəzəm məşqlər lazımdır.
Məktəbin ritmika üzrə müəllimi Ülviyyə Həsənova bildirib ki, 27 ildir I-V siniflərdə ritmika fənnini tədris edir. Ritmika səhnə hərəkəti fənninin vacib tərkib hissəsidir. Digər fənlərdən fərqi ondadır ki, əgər musiqiçi rəqsedənləri müşayiət edirsə, burada rəqsedənlər musiqini müşayiət edir. İfaçı ilə müşayiətçi arasında olan münasibətləri tarazlaşdırır. Rəqqaslar musiqini hiss edib bədən hərəkətləri ilə çatdırmalıdırlar. Ritmika koordinasiyanı inkişaf etdirir, düzgün addımlamağı öyrədir, uşaqlarda musiqi duyumunu, ritm hissini formalaşdırır. Şagirdlərimiz bu fənnə maraq göstərirlər və dərslərdə həvəslə iştirak edirlər.
Bakı Xoreoqrafiya Akademiyasında tədris prosesi ilə tanışlıqdan sonra əmin olduq ki, uzun illər ərzində xoreoqrafiya sahəsində əldə olunan nailiyyətlər etika ilə estetikanın vəhdət təşkil etdiyi bu sənət ocağında davam etdirilir və bizləri yeni-yeni uğurları ilə sevindirəcəkdir.

Tehsil-press.az

Oxşar xəbərlər