Belə olduqda vəziyyət necə dəyişəcək?
Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, həm müəllimlər, həm də ictimaiyyət üçün indiyə qədər hələ də cavabı tapılmayan bir sual var:
"Müəllim vəzifədir, yoxsa peşədir? Artıq müəllimlərə əməkhaqlarının verilməsi əgər dərs saatına görə yox, iş saatına görə olacaqsa, müəllim bir vəzifəyə çevriləcək, yəni müəllimin vəzifəsi olacaq. Maaş iş saatına görə veriləcəksə, artıq müəllimlərə dərəcələr verilə bilər. Bir müəllimi digərindən fərqləndirmək üçün müəyyən təsnifatlar formalaşa bilər. Necə ki, dövlət qulluğunda müəyyən dərəcələr var. Bu da, sanki, bir növ dövlət qulluğunun xüsusi növünə çevrilə bilər. Bu o deməkdir ki, müəllimə müəyyən miqdarda minimum əməkhaqqı veriləcək. Tutalım, 400 manat minimum əməkhaqqı olsun və müəyyən dərs saatından sonra isə əlavə pul hesablansın. Tutalım, indi həkimlər necə fəaliyyət göstərirlər? Həkimlərin vəzifə maaşı var və səhv etmirəmsə, gün ərzində 25 xəstə qəbul edə bilərlər. Həmin talonlara görə əlavə ödəniş əldə etmək imkanı olur. Bir növ müəllimi səkkiz saat məktəbdə saxlamaqdır. Bu müəyyən qədər repetitorluğun qarşısını ala bilər. Artıq müəllim səkkiz saat dərsdədirsə və gün ərzində üç saat dərs keçibsə, xeyli boş vaxtı qalır və sinifində zəif olan şagirdlərə əlavə dəstək ola bilər. Mən düşünmürəm ki, müəllim üç saat dərs keçsin, yerdə qalan beş saatını boş otursun. Yəqin ki, bu, bu formada tənzimlənməyəcək".
Ekspertin fikrincə, bunun mümkün mənfi nəticələri də ola bilər.
"Müəllim tanıyıram, kimyadan hazırlıq keçir, 100-ə yaxın şagirdi var və hər şagirddən 100 manat alanda bu, 10 min manat pul edir. Dövlət orta məktəbdə işləyən müəllimə 10 min manat maaş verə biləcəkmi? Təbii ki, verə bilməyəcək, çünki mümkün də deyil və bu, təhsilə dair ayrılmış büdcənin dağıdılması ola bilər. Əgər bu formada proses tənzimlənərsə, müəllimlərin bir qismi yarımştata keçə bilər və yaxud da saatlı müəllimlər məktəbdən uzaqlaşa bilər. Yəni bu kimi mənfi ehtimallar var. Çünki müəllim kənarda repetitorluq fəaliyyətindən daha çox qazanır. Bəs valideynlər uşağın tam hazırlaşmasına güvənə bilərmi? Mən düşünürəm ki, yox. Çünki məktəb son illərdə funksiyasını valideynlərin gözündə çox dəyişib. Çünki məktəbin ümidinə şagirdin ali məktəbə qəbul olması və digər bu kimi hallar demək olar ki, valideyn üçün xəyal kimi görünür və bu, uzun müddətdə davam edəcək. Çünki məktəb bu güvəni sarsıdıb, yəni məktəb bu etibarı valideynə verə bilmir. Ona görə məcburdur ki, uşağını repetitor yanına qoysun. Belə olan halda repetitor daha çox qazanır, bu, məlum məsələdir. Müəllim daha çox repetitorluğa üz tutmuş olacaq. Ona görə biz burada məktəbdə saatlı müəllimləri itirə bilərik və yaxud da müəllimlərin böyük qismi yarımştata keçə bilər. Bu kimi hallar baş verə bilər. Amma ümumilikdə proses müəllimlərin xeyrinə düşünülə bilər. Tam mexanizm açıqlanmayıb, sadəcə Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna müəyyən əlavələrin, düzəlişlərin edilməsi istiqamətində söhbət gedir, çünki hələ qanun tam təsdiqini tapmayıb. Sadəcə bu istiqamətdə işlər gedir. Konsepsiya tam açıqlanmayıb, amma ilkin ehtimallar təxminən mənim verdiyim şərhlər üzərində görünür", - deyə Rizvan Fikrətoğlu bildirdi.
Tehsil-press.az









