Bakı Dövlət Universitetinin tələbəsi: Virtual dərslərimiz çox səmərəli və maraqlı keçir

Bakı Dövlət Universitetinin tələbəsi: Virtual dərslərimiz çox səmərəli və maraqlı keçir Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Hacıbaba Mustafayev koronavirus epidemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin yaşandığı, “Evdə qal” aksiyasının keçirildiyi günlərdə fikirlərini Tehsil-press.az ilə bölüşüb. O deyib: “Çindən başlayıb dünyaya yayılan yeni növ koronavirus infeksiyası (COVlD-19) haqqında xəbərlər hələ də gündəm mövzusudur. Azərbaycanda da koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir. Bu təhlükənin gücləndiyi bir şəraitdə dünya ölkələrinin bir çoxunda artıq fövqəladə vəziyyət elan olunub, ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Xəstəliyin ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər görülüb, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, insanlara zərurət olmadığı halda evdən çıxmamaq tövsiyə edilir. Dərslərin müvəqqəti dayandırılması səbəbindən universitetimizdə təhsilin davamlılığı onlayn təşkil olunub.
Tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodik dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şərait yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkilidir. Tədris prosesinin davamlılığının təmini məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali məktəblərə tədris prosesinin məsafədən təşkil olunması ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib.
Karantin dövründə biz tələbələrin əvvəlkindən daha passiv bir həyat tərzinə keçdiyimizi nəzərə alsaq, bu dönəmdə onlayn dərslərin həm bizim fəallığımız, həm də tədris prosesinin davam etdirilməsi üçün nə qədər vacib olduğunu görürük. Onlayn dərslər başladıqdan sonra karantin rejimi həm əvvəlkindən daha fərqli, həm də daha məhsuldardır. Bu tətbiq vasitəsilə günümüz boş keçmir, vaxtımızı bizim üçün vacib olan təhsilə sərf edirik. Beləliklə psixoloji cəhətdən sağlam qalırıq və əvvəlki məşğuliyyətlərimizdən yadırğamırıq. Onlayn dərslərin aparılması, eyni zamanda, bizim üçün müasir texnologiyalardan istifadə təcrübəsini mənimsəmək baxımından da əhəmiyyətlidir.
Sosial təcrid dövründə doğma universitetimizin həyatımızda nə qədər önəm kəsb etdiyini bir daha anlamış olduq. Bakı Dövlət Universiteti bizim ikinci evimiz, təhsil ocağımız və xoş xatirələrimizin yaşadığı bir məkandır.
Bu günə qədər iştirak etdiyimiz bütün virtual dərslər çox səmərəli və maraqlı keçir. Onlayn dərslər doğma universitetimizə olan həsrətimizi soyutmasa da, hər halda evdə qalsaq da, universitetimizlə birgə olma duyğusu bizdə müsbət əhval-ruhiyyə yaradır. Bunda müəllimlərimizin rolunu və tələbə yoldaşlarımın diqqətini xüsusi qeyd etməliyəm. Onlayn dərsləri qısa bir zamanda yüksək səviyyədə təşkil etdiklərinə, biz tələbələri virtual da olsa, bir yerə, doğma universitetimizin dərslərində topladıqlarına görə universitetin rəhbərliyinə minnətdarlığımı bildirirəm və bu dərslərdə birlikdə iştirak edən müəllimlərimizə və tələbə yoldaşlarıma uğurlar arzulayıram!
Bir tələbə kimi sosial özünütəcrid rejiminin əhalinin sağlamlığının qorunması üçün nə dərəcədə vacib olduğunu dərk edərək, bu mövzuda alınan bütün tədbirlərlə bağlı hamını diqqətli olmağa, tövsiyə olunan qaydalara riayət etməyə çağırıram. Mövcud vəziyyətdə dövlət orqanlarının və ictimaiyyətin bir-birinə qarşılıqlı dəstək olması problemin aradan qaldırılmasına kömək edəcək. Hər bir vətəndaş məsuliyyətini dərk etməli və üzərinə düşən vəzifələri yerinə yetirməklə virusla mübarizəyə öz töhfəsini verməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər