Akademik Telman Əliyev: İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər səmərəli nəticələr verir

Akademik Telman Əliyev: İnstitut əməkdaşlarının yerinə yetirdiyi işlər səmərəli nəticələr verir AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev xüsusi karantin rejimində elmi müəssisənin fəaliyyəti haqqında onlayn müsahibə verib.
Bildirilib ki, akademik Telman Əliyev institut əməkdaşlarının karantin dövründə də fəaliyyətlərini davam etdirdiklərini və görülən işlər barədə mütəmadi hesabat verdiklərini söyləyib. Vurğulayıb ki, institutun əməkdaşları tərəfindən iki avroasiya patenti alınıb. Bu dövr ərzində 5-i “Web of Science” bazasına daxil olmaqla 17 elmi əsər nüfuzlu jurnallarda dərc olunub, 15-i xarici jurnallara olmaqla (6-sı “Web of Science” və 3-ü “Scopus” bazalarına daxil olan) 19 məqalə isə çapa təqdim olunub.
Akademik T.Əliyev gənc alimlərin elmi rəhbərləri ilə onlayn əlaqə quraraq dissertasiya üzərində birgə çalışdıqlarını, hazırda 2 dissertasiyanın müdafiəyə təqdim edilmək üçün hazır olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, institutda martın 29-dan başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilib. Hazırda riyaziyyat, kompüter elmləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə 10 magistrant təhsilini onlayn davam etdirir.
O, institutun alimləri - texnika üzrə fəlsəfə doktoru Qəmbər Quluyev və texnika elmləri doktoru Fərhad Paşayevlə üzərində birgə çalışdıqları mühüm layihə barədə də məlumat verib. Bildirib ki, İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Bu sənəd əsasında “Zəlzələnin başlanmasının seysmoakustik nois monitorinqi və onun ocağının zonası barədə xəbərdarlıq sistemi” adlı layihənin yerinə yetirilməsi nəzərdə tutulur. “Layihəyə əsasən, həm Türkmənistanda, həm də Azərbaycanda bir neçə seysmoakustik stansiya tikilməlidir. Onlar bir-biri ilə radiokanal, peyk vasitəsilə əlaqələndirilməlidir. Bundan başqa, iki ölkənin stansiyalarında monitorinq mərkəzi və qərar qəbuletmə sistemi olmalıdır, - deyə alim qeyd edib.
T.Əliyev son zamanlar dünyada baş verən hadisələr səbəbindən neftə tələbatın azaldığını və bunun nəticəsində bir sıra neft mədənlərində rentabelliyi aşağı olan quyuların dayandırıldığını söyləyib. Alim institut tərəfindən tətbiq edilən sistem nəticəsində elektrik enerjisinin qənaəti və digər faktorlar hesabına həmin quyuların rentabelliyinin artdığını və quyuların işləməsinin əlverişli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, gələcəkdə bu sistem Azərbaycanda və xarici ölkələrdə bütün gücdən düşmüş mədənlərin hasilat quyularında tətbiq edilə bilər.
İnstitut direktoru gələcəkdə neft mədənləri üçün hasilat quyularını su vurma quyuları ilə əlaqələndirərək, eləcə də onların su hopma rejimində işləməsini təmin edərək effektivliyin dəfələrlə artacağına əminliyini bildirib. Bu işlərin AMEA-nın və ölkəmizin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib. O, həmçinin institut əməkdaşlarının yerinə yetirdiyi işlərin kifayət qədər effektiv və qənaətbəxş nəticələr verdiyini söyləyib.
Müsahibənin sonunda akademik Telman Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus infeksiyasına qarşı görülən tədbirlər nəticəsində bu pandemiyanın yaxın vaxtlarda başa çatacağına və institutda yerinə yetirilən işlərin real laboratoriyalarda davam etdiriləcəyinə əmin olduğunu söyləyib.

Tehsil-press.az

Oxşar xəbərlər