BDU məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin professoru Uğur Abdulla ilə görüş

BDU məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin professoru Uğur Abdulla ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünün professoru Uğur Abdulla ilə görüş keçirilib.

Görüşdə Tətbiqi riyaziyyat və kibernetika, Mexanika riyaziyyat, Biologiya, Fizika, Kimya, Geologiya, Coğrafiya və Ekologiya fakültələrinin professor-müəllim heyəti, tələbə və doktorantları iştirak ediblər.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Ələkbər Əliyev qeyd edib ki, fakültədə “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunları dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda uğurla fəaliyyət göstərir, yüksək vəzifələrdə çalışırlar. Belə məzunlardan biri hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində tanınmış riyaziyyatçı, Yaponiyanın Okinava Elm və Texnologiya Universitetinin Analiz və xüsusi törəməli diferensial tənliklər bölümünün professoru Uğur Abdulladır. Uğur Abdulla Bakıda yazıçı Gülhüseyn Hüseynoğlunun ailəsində doğulub boya-başa çatıb. Gənc yaşlarından riyaziyyat, fizika olimpiadalarında və idmanda qazandığı nailiyyətləri ilə seçilib. Sərbəst güləş üzrə Azərbaycan çempionu və milli komandanın üzvü olub. 21 yaşında namizədlik, 27 yaşında doktorluq elmi dərəcələrini alan Uğur Abdulla 28 yaşında BDU-nun professoru olub. O, Kolmoqorov tərəfindən 1928-ci ildə qoyulmuş məşhur açıq məsələni həll edib. Uzun illər ərzində İngiltərənin, Almaniyanın və ABŞ-nin nüfuzlu universitetlərində professor vəzifəsində çalışıb.

Daha sonra söz professor Uğur Abdullaya verilib. O, “Kolmoqorov problemi və elliptik və parabolik tip tənliklər üçün sonsuzluqda Viner meyarı” mövzusunda məruzə edib. Qeyd edilib ki, riyaziyyatın üsulları biologiya, kimya, fizika və s. kimi sahələrdə bir çox məsələlərin həllinə tətbiq olunur.

Tədbirin sonunda BDU məzunu tələbələrin suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər