ICPC Azərbaycan İcmasının, Azərbaycan Texniki Universiteti və ADA Universitetinin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən təsnifat mərhələsində Azərbaycanın 22 ali təhsil müəssisəsindən 157 komanda iştirak edib. Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək və bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.
“50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Azərbaycan üzrə regional mərhələsi 15 noyabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində keçiriləcək. Bu mərhələdə 63 komanda iştirak edəcək. Regional mərhələni müvəffəqiyyətlə başa vuracaq komandalar 15–17 dekabr 2025-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edəcəklər.
Qeyd edək ki, tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönələn ICPC ötən əsrin 70-ci illərində ABŞ-də başlayıb, 1977-ci ildən beynəlxalq miqyasda keçirilir. Universitetlər ilə sənaye arasında qlobal körpü rolunu oynayan müsabiqənin finalı 2025-ci ilin yayında ilk dəfə Bakıda keçirilib.
Tehsil-press.az



