Prezident İlham Əliyevin Zirvə toplantısında iştirakı
Prezident İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı ilə Albaniyanın Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş keçirilib. Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti və Albaniyanın baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu, Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirmək və Avropa ilə əməkdaşlığı inkişaf etdirmək istiqamətində atılan mühüm bir addım, ölkəmizə və onun liderinə verilən dəyərin, eləcə də ehtiyacın daha bir göstəricisi idi.
Zirvə toplantısı zamanı yaşanan maraqlı və diqqət çəkən hadisələr
Zirvə toplantısı zamanı müzakirə edilən mövzularla yanaşı, bir sıra maraqlı və diqqət çəkən hadisələr də oldu. Albaniyanın Baş naziri Edi Ramanın italiyalı həmkraı Corcia Meloniyə qarşı olan xüsusi hörməti zirvəyə damğa vuran hadisələrdən idi. Belə ki, Edi Rama Corcia Meloni ilə görüşü zamanı onun qarşısında diz çökərək hörmətini ifadə edib. Bu, onların əvvəlki görüşlərində də təkrarlanmış bir jestdir. Rama bu hərəkətini İtaliyanın Albaniyaya olan dəstəyinə minnətdarlıq olaraq izah etsə də, Meloni bu jesti zarafatla qarşılayaraq, boy fərqini nəzərə alaraq "Bu, sadəcə hündürlüyümüzün fərqidir" dedi.
Ukrayna Prezidenti Volodimir Zelenski EPC Zirvəsində iştirak edərək, Ukraynanın təhlükəsizliyi və müharibə ilə bağlı mövqeyini təqdim edib. Bu məqam müzakirələrin mərkəzində idi. Bunun fonunda isə Avropanın böyük bir hissəsini təmsil edən Rusiya zirvəyə dəvət edilməmişdi. Bu, qitənin münaqişədəki mövqeyinin dəyişmədiyini, Kiyevin mübarizəni davam etdirməsi və qələbə qazanması üçün Avropanın fəaliyyətini davam etdirəcəyinin göstəricisi idi. Əbəs deyil ki, EPC-nin tərkibi və iştirakçı ölkələrin seçimi geniş müzakirələr sırasında idi.
Toplantıda ən yaddaqalan məqamlardan biri isə Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əlsıxma anı oldu. Görüş zamanı Makron Ərdoğanın əlini tutan zaman öz əlini onun əlinin üstünə qoyaraq üstünlük nümayiş etdirməyə çalışdı. Lakin Ərdoğan dərhal Makronun jestinə adekvat cavab verdi və beləliklə əlsıxma anı qarşılıqlı güc nümayişinə çevrildi. Nəticədə Makron əlini çəkmək istəsə də, Ərdoğan onun barmaqlarını tutub saxladı və bu mənzərə bir neçə saniyə davam etdi. Sonda isə Makron əlini çəkərkən Ərdoğan əlini onun əlinin üstünə qoyub görüşü sonlandırdı.
Bu jest nə ifadə edir?
Bu jest bədən dilində "dominantlıq" - "üstünlük" nümayiş etdirmək kimi qəbul olunur, xüsusilə rəsmi görüşlərdə və ya siyasətçilər arasında əlsıxma zamanı müşahidə olunur.
Əlini üstə qoyan şəxs qarşı tərəfə "mən üstünəm" mesajı verir və psixoloji üstünlük nümayiş etdirir. Bu jestlə şəxs qarşı tərəfi təsiri altına almağa və dominant mövqe nümayiş etdirməyə çalışır ki, bu da proseslərə kimin nəzarət etdiyini, yəni, nəzarət üstünlüyünü göstərir. Bu, liderin güc və liderlik simvolizminə həssas yanaşdığını göstərir. Əbəs deyil ki, hətta Fransada belə, bu hadisə "Makron Ərdoğanı üstələməyə çalışdı, amma özü alçaldı" kimi fikirlərlə şərh edilib.
Beləliklə, Makron bir daha bütün dünyanın gözü qarşısında guya qaş düzəltmək istədiyi yerdə, yenə də vurub öz gözünü çıxardı. Bununla da Fransada və bir çox beynəlxalq tədbirlərdə mütəmadi olaraq aciz və rəzil duruma düşən Makronun biabırçılıqlarına daha biri yazıldı.
Tehsil-press.az