“Balkan ölkələrinə Azərbaycan qazının verilməsi mümkündür”

“Balkan ölkələrinə Azərbaycan qazının verilməsi mümkündür” "Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik".
Bu sözləri Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq:
"Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür.
Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır".

Tehsil-press.az



Oxşar xəbərlər