
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün açıqlamasında Nazirlər Kabinetinin yeni qərarının elektron ticarəti məhdudlaşdırmağa yönəldiyini bildirib. O qeyd edib ki, qərarı iki cür şərh etmək olar: “Gömrük Komitəsi istəsə bunu belə formada şərh edə bilər, bir ay ərzində 1 dollarlıq mal gətirmisinizsə, həmin ay heç nə gətirə bilməzsiniz. Yəni qalan 299 dollarlıq mal gətirə bilməzsiniz. Hesab edin iki ay ərzində iki dəfə Gürcüstana konfransa getmisiniz, bir dəfə gələndə bir corab gətirmisinizsə, gələn dəfə gələndə bir köynək gətirə bilməzsiniz. Ona görə də, bu çox biabırçı qərardır. Bu məqam əvvəlki dövrlərdə daha açıq şəkildə yazılmışdı. Bu dəfə elə yazılıb ki, iki cür anlaşılır. Bəlkə də qəsdən belə yazılıb”.
Ekspert əlavə edib ki, ölkədə bu cür qərarın qəbulunda maraqlı adamlar var:
“2015-ci ildə prezident öz fərmanı ilə fiziki şəxslər üçün rüsumsuz gətirilən malların məbləğini 10 min dollar müəyyənləşdirmişdi. Lakin sonradan hansısa maraqlı şəxslər bu fərmanı icra etməyə qoymadılar. Düşünürəm ki, əgər ölkədə yerli istehsal olsaydı, hökumət də yerli istehsalı düşünüb belə bir məhdudiyyət tətbiq edə bilərdi. Amma yerli istehsal, misal üçün telefon, tekstil və s. burada istehsal olunmur. Bunu xaricdən gətirməyə qoymamaq ölkədə istehsalı qorumaq yox, hansısa böyü idxalçını qorumaqdır. Bu qərar yerli istehsalı qorumağa yönəlməyib”, - Osman Gündüz qeyd edib.
Mütəxəssis hesab edir ki, hökumət təcili bu qərarına yenidən baxmalıdır. Ölkədə e-ticarətin inkişafı üçün, idxal sahəsində rəqabətli mühitin formalaşması üçün daha effektiv mexanizmlər tapılmalıdır. Yerli istehsal olmadığı şəraitdə vətəndaşın şəxsi məqsədlər üçün, e-ticarət yolu ilə alış-verişini məhdudlaşdırmaq yolverilməzdir.
Qeyd edək ki, qərar sentyabrın 21-dən qüvvəyə minir.
Tehsil-press.az