Azərbaycan-Fransız Universitetinin 2020/2021-ci il tədris ili üzrə bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

Azərbaycan-Fransız Universitetinin 2020/2021-ci il tədris ili üzrə bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020/2021-ci tədris ili üzrə bakalavr proqramına qəbul başlayır.
Universitetin daxili imtahanına qeydiyyat avqustun 29-dan sentyabrın 4-dək onlayn platforma üzərindən aparılacaq. İmtahan sentyabrın 7-də saat 11:00-da UFAZ-ın əsas binasında ənənəvi qaydada keçiriləcək. İmtahan koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, eləcə də imtahanın keçirilməsi üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə baş tutacaq. Tarixlərlə bağlı ətraflı məlumatlar UFAZ-ın səhifəsində qeyd olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən azı 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər. Daxili imtahan Azərbaycan və rus bölmələrinin məzunları üçün müvafiq olaraq Azərbaycan və rus dillərində aparılır.
Daxili imtahan test suallarından ibarətdir və bu mövzuları əhatə edir: fizika (10 sual) 20 bal, kimya (10 sual ) 20 bal, riyaziyyat (10 sual ) 20 bal, ümumi elmi biliklər (10 sual) 20 bal, ingilis dili (çalışma + esse ) 20 bal. İmtahan sual nümunələri ilə UFAZ-ın saytından tanış olmaq olar.
UFAZ 4 ixtisas üzrə hər il dövlət sifarişli 120 yer, ödənişli əsaslarla isə 40 yer təklif edir. UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ödənişsiz və ödənişli yerlər təklif olunur. İmtahan nəticələrinin sıralamaları zamanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda toplanılmış nəticələr deyil, yalnız cari ildə UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır.
Bakalavr proqramı üçün nəzərdə tutulan ixtisaslar bunlardır: kompüter elmləri, neft və qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika və geologiya mühəndisliyi.
UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir. İmtahandan keçən abituriyentlər qeydiyyatdan keçdikdən və UFAZ tələbəsi adı qazandıqdan sonra DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirirlər.
Qeydiyyat və imtahan tarixləri DİM-in nəticələri elan etməsinə uyğun dəyişdirilə və ya uzadıla bilər.
Maraqlananlar əlavə məlumatı https://www.ufaz.az/az/about-us/faq/ saytı, (+ 994 12) 599 00 94 telefon nömrəsi və [email protected] poçt ünvanı, həmçinin “Facebook” və “Instagram” sosial media hesablarından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər