Azərbaycan-Fransız Universitetinin magistraturasına sənəd qəbulu yekunlaşıb

Azərbaycan-Fransız Universitetinin magistraturasına sənəd qəbulu yekunlaşıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020/2021-ci tədris ili üçün ilk dəfə keçiriləcək magistratura imtahanına sənəd qəbulu başa çatıb.
Ümumilikdə 171 tələbə qeydiyyatdan keçib və onlardan 151-nin namizədliyi təsdiq edilib. 151 namizədin 60-ı UFAZ tələbəsi, digər 91-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunlarıdır.
Qeydiyyatdan keçmiş və hazırda Bakı şəhərindən kənarda olan tələbələrin ümumi sayı 35 nəfərdir. Onların Bakı şəhərinə gəlməsi üçün müvafiq icazə ilə təmin olunması ilə bağlı müvafiq işlər görülməkdədir.
Magistratura pilləsinə qəbul imtahanı iyunun 8-i saat 12.00-da UFAZ-da keçiriləcək. Koronavirus pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə imtahan Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, tələb olunan profilaktik tədbirlərin görülməsi, zəruri dezinfeksiya işlərinin aparılması, eləcə də imtahanın keçirilməsi üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə təşkil ediləcək. İmtahan Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Strasburq Universitetinin birbaşa təşkilatçılığı ilə keçirilir. İmtahanın nəticələri yoxlanılmaq üçün Strasburq Universitetinin UFAZ üzrə elmi ekspertləri və diplom rəhbərlərinə göndəriləcək.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistratura imtahanından 60-dan artıq bal toplayan hər kəs UFAZ-ın magistratura proqramlarına müraciət etmək hüququna malik idi. Magistratura proqramı üçün UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər. Magistratura proqramı üçün nəzərdə tutulan kimya mühəndisliyi/fiziki kimya, tətbiqi kompüter elmləri (Big Data və Süni Zəka) və yer elmləri ixtisasları üzrə ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə bərabər Fransanın qədim universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu ala biləcəklər.
Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksəkixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət heyət tərəfindən aparılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər