ADMİU-da vebinar: Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri

ADMİU-da vebinar: Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Yaradıcılıq yönümlü təhsil müəssisələrində distant təhsilin aktual problemləri” mövzusunda beynəlxalq onlayn vebinar keçirilib.
İkigünlük vebinarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanın ali təhsil müəssisələrindən mütəxəssislər iştirak ediblər.
Vebinarın birinci günündə Azərbaycanın və Türkiyənin müxtəlif bədii təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq vebinara qatılan mütəxəssislərə təşəkkürünü bildirib. Rektor qeyd edib ki, dünyanı bürüyən pandemiya bütün fəaliyyət sahələri kimi, təhsil sahəsində də ciddi problemlər yaradıb. Distant təhsil rejimə keçidlə bağlı ən çox problemlər dərslərin əsasən canlı ünsiyyət üzərində qurulduğu bədii təhsil müəssisələrində özünü göstərib. Bu vebinarın əsas məqsədi bədii təhsil sferasında tədris prosesini stabilləşdirməyə və yeni şərtlərdə tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək innovativ metod və texnologiyaların tətbiqi, müxtəlif bədii yönümlü məktəblərin praktiki nailiyyətlərinin ümumiləşdirilməsi və təcrübə mübadiləsi kimi aktual məsələləri müzakirə etmək, təcrübə mübadiləsi həyata keçirməkdir.
C.Mahmudova Azərbaycanda tədrisin pandemiya vəziyyətinə uyğun təşkili istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkə rəhbərliyi üçün prioritet məsələ insanların sağlamlığının təmin olunması və əhalinin pandemiya vəziyyətindən minimum itkilərlə çıxmasıdır.
“Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən karantin tədbirləri ilə əlaqədar mart ayından etibarən ölkədəki bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb. Sevindirici haldır ki, tədris prosesi dayandırıldıqdan dərhal sonra universitetin professor-müəllim heyətinin təşəbbüsü ilə dərslər onlayn şəkildə davam etdirilib. Əvvəllər müxtəlif virtual ünsiyyət proqramlarından istifadə edərək tədris prosesini aparan müəllimlər daha sonra Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platforması vasitəsilə dərslərini daha rahat və sistemli şəkildə keçmək imkanı əldə ediblər”, - deyə rektor bildirib.
Vebinarda ADMİU-nun Sənətşünaslıq fakültəsinin dekanı Sevil Kərimova, professorlar Arif Əziz, Rafiq Quliyev, Cənnət Səlimova, Əli Əmirli, Xalq artisti Mehriban Zəki, habelə Tokat Qazi Osman Paşa Universitetinin Sənət tarixi kafedrasının müdiri Kamal İbrahimzadə, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının Teatr aktyorluğu fakültəsinin qurucusu və professoru Cahangir Novruzov, dosent Özlem Gök, Ankara Hacı Bayram Vəli Universitetinin İncəsənət fakültəsinin dekanı, professor Fulya Bayraktar, professor Bülent Dündar Salderay, Rusiya Dövlət Teatr Sənəti İnstitutunun nümayəndəsi Tamara Potapenko, S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Tədris-metodiki və elmi-tərbiyə işləri üzrə prorektoru, professor Maya Sakvarelidze, Rejissor sənəti fakültəsinin müdiri Nikolay Skuybin və digər çıxış edənlər rəqəmsal tədris formatına keçidin yaratdığı problemlərə nəzər salıb, distant təhsil texnologiyasından istifadə edərək tədrisin qurulması prosesinin təşkili ilə bağlı təcrübələrini bölüşüblər. Vebinarda, həmçinin Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyasının tədris-metodiki işlər üzrə prorektoru, professor Qulnar Abdraxman, professor Lyalya Kaliakbarova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tərbiyə işləri və sosial məsələlər üzrə prorektoru Şınqıs Erqobek, Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının elmi işlər və strateji inkişaf üzrə direktoru Janna Tolısbaeva, Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru İbrohim Yuldaşev və başqaları mövzu ətrafında fikirlərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər