Dünya ali təhsilində qüvvələr balansı necə dəyişir?

Dünya ali təhsilində qüvvələr balansı necə dəyişir? Ən yaxşı universitetlərin növbəti reytinq cədvəli açıqlanıb
Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış “Times Higher Education” nəşri sentyabrın 2-də dünya universitetlərinin növbəti reytinqini (Times Higher Education World University Rankings 2021) yayımlayıb. Reytinq 93 ölkədən 1500 universiteti əhatə edir. Bu isə tədqiqatın hazırda daha əhatəli və genişmiqyaslı olmasına dəlalət edir.
Cədvəl hər hansı universitetin səmərəliliyini ölçən diqqətlə seçilmiş 13 performans göstəricisinə əsaslanır. Ali məktəbin fəaliyyəti 4 sahə üzrə qiymətləndirilir: tədris, elmi araşdırmalar, biliklərin ötürülməsi və beynəlxalq perspektivlər. Bu il reytinq 13 milyondan artıq elmi məqaləyə olan 80 milyondan çox istinadı təhlil edib və bütün dünya üzrə 22.000 alimin qurumun sorğularına verdiyi cavabı nəzərə alıb. Tələbələr, müəllimlər, hökumətlər və sənaye ekspertləri tərəfindən etibar edilən reytinq dünya ali təhsilində dəyişən qüvvələr balansı haqqında əhəmiyyətli fikir yaradır.
“Times Higher Education”un versiyasına görə, dünyanın ən yaxşı ali təhsil müəssisəsi adına artıq dördüncü dəfədir ki, Böyük Britaniyanın ən qədim ali məktəbi və ən böyük elmi-tədqiqat mərkəzi kimi tanınan Oksford Universiteti layiq görülüb. Oksford elmi tədqiqatların həcmi və keyfiyyəti, o cümlədən elmin bir çox sahələrində liderdir. Britaniya Akademiyasının 100 alimi və Kral Cəmiyyətinin 90 üzvü Oksford Universitetinin fəxridirlər.
Çinin ən yaxşı ali təhsil müəssisəsi olan Sinxua Universiteti 2011-ci ildən bu yana reytinqin top-20-lüyünə daxil olan ilk Asiya universitetidir. ABŞ top-10-luqda rekord sayda - 8 universitetlə təmsil olunur. Kaliforniya Berkli Universiteti bu il 6 yer irəliləyərək 7-ci sırada qərarlaşıb. Ancaq top-200-lükdə təmsil olunan ABŞ ali təhsil müəssisələrinin sayında azalma var. Bütövlükdə reytinqə ABŞ-dan 60, Böyük Britaniyadan isə 28 universitet daxil olub.
Bununla yanaşı, bu il reytinqdə ilk dəfə olaraq 141 universitet yer tuta bilib. Reytinqə yeni daxil olan universitetlərin sayına görə (14) Hindistanın göstəricisi diqqətəlayiqdir. Ümumiyyətlə, bu ölkədən rekord sayda - 63 universitet reytinqə daxil olub. Kanada və İtaliyanın ən yaxşı universitetləri ötən illərin reytinqləri ilə müqayisədə inamla irəliləyirlər. Bu il reytinqə bir neçə yeni ölkə daxil olub: Bruney, Kuba, Malta, Monteneqro, Puerto-Riko və Vyetnam.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti göstəricilərinin məcmu sayına görə 15 mövqe yüksəlib və 174-cü , “təhsilin keyfiyyəti” göstəricisinə görə 25-ci, “tədqiqat” göstəricisinə görə 55-ci, sahə tədqiqat fəaliyyətindən “maliyyə daxilolmaları” göstəricisinə görə isə 40-cı yerə yüksəlib.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2021/world-ranking səhifəsindən tanış olmaq olar.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər