Dünyanın ən gənc universitetləri

Dünyanın ən gənc universitetləri Son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artım müşahidə olunub.
Müasir dünyanın trendləri ali məktəblər arasında rəqabəti gündən-günə gücləndirməkdədir. Dünyanın kəskinləşən çağırışları təkcə nüfuzlu ali təhsil müəssisələrini deyil, həm də gənc universitetləri də əhatə etməkdədir. Bu rəqabətlilik mühitində dünyanın yaşı 50 və daha az olan ali məktəbləri də öz mövqelərini gücləndirərək ən nüfuzlu dünya liderlərindən geridə qalmadıqlarını əyani surətdə göstərməkdədir.
Artıq bir neçə ildir ki, dünyanın son 50 ildə yaradılmış ən gənc ali məktəblərinin reytinqini tərtib edən Böyük Britaniyanın “The Times Higher Education” jurnalı növbəti dəfə bu mövzuya müraciət etməklə 2020-ci il üzrə gənc ali məktəblərin artan fəallığına diqqət çəkib. Növbəti reytinqdə (THE Young University Rankings -2020) yaşı 50-yə qədər olan 414 (ötən il 341) ali məktəb yer alıb. Reytinq son 50 ildə Asiyada yeni ali təhsil müəssisələrinin sayında davamlı artımın olduğunu göstərir.
Reytinqə görə, Asiya ilk dəfə olaraq dünyanın iki aparıcı gənc universitetinə ev sahibliyi edir. Honkonq Elm və Texnologiya Universiteti üçüncü il ardıcıl olaraq gənc universitetlərin reytinqində lider mövqedədir, Sinqapurun Nanyanq Texnologiya Universiteti isə keçən illə (3-cü yer) müqayisədə bu dəfə ikinci sırada yer alıb. Hər iki universitet tədqiqat və biliklərin ötürülməsi sahəsində yüksək vizyon nümayiş etdirməklə beynəlxalq perspektivlər və elmi sitatlarının təsirinə görə çoxsaylı oxşar profillərə malikdir.
Ötən ilki reytinqdə 2-ci yerdə olan İsveçrənin Lozanna Federal Politexnik Məktəbi 51 yaşını qeyd etdiyindən builki sıralamadan kənarda qalıb. Asiya universitetləri ilk iki yeri tutarkən, ümumiyyətlə, top-10-luq Asiya və Avropa universitetləri arasında bölünüb. İlk beşliyə Paris Elm və Ədəbiyyat Universiteti (PSL Research), İtaliyanın Qabaqcıl Tədqiqatlar Məktəbi (Sant'Anna School of Advanced Studies - Pisa), Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiya İnstitutu (KAİST) daxil olub. Paris Universiteti ötən il birləşdikdən sonra 11-ci yeri tutmaqla reytinqdə yeni rekorda imza atıb. Böyük Britaniya reytinqdə 36, İspaniya 27, Fransa və Hindistan isə 26, Türkiyə 23, Avstraliya 22, İran 20, Tayvan 16, Yaponiya 14, Çin 6, ABŞ 4, Kanada 3, Rusiya 2 universitetlə təmsil olunur. Lakin Avstraliya növbəti dəfə reytinqin yuxarı eşelonlarında istənilən digər ölkə ilə müqayisədə daha çox yer əldə etməsi ilə fərqlənib. Belə ki, Avstraliya top-100-lükdə 17 (ötən il 15) yer alıb. Yalnız Fransa 14 mövqe ilə bu nəticəyə bir qədər yaxınlaşıb. Böyük Britaniyanın ilk 100-lükdə 5 universiteti yerləşib.
Hindistan, eyni zamanda, reytinqdə ən güclü məhsuldarlıq nümayiş etdirir: ilk dəfə ən yaxşı 70 ali məktəb sırasına Hindistanın 2 ali təhsil müəssisəsi - (Hindistan Texnologiya İnstitutu Ropar və Hindistan Texnologiya İnstitutu İndore) daxil olub.
Ümumilikdə, reytinq 66 ölkəni əhatə edir. Gənc universitetlərin reytinqi qlobal dünya reytinqləri ilə eyni göstəricilərə əsaslanır. Lakin gənc universitetlərin missiyasını əks etdirmək üçün çəki əmsalları yenidən hesablanır, tədqiqat məhsuldarlığı, kadr və tələbə nisbəti, institusional gəlir və doktorantura təhsili kimi amillərə daha çox diqqət yetirilir.
Bütövlükdə isə reytinq tərtibçiləri elmi tədqiqatlar (nəşrlərin sayı, alimlərin rəyləri, əldə olunmuş qrantlar), elmi işlərdən sitatgətirilmə, tədrisin keyfiyyəti (müəllim-tələbə nisbəti, elmi dərəcə sahiblərinin payı və sairə), beynəlxalq aktivlik, beynəlxalq mübadilə, innovasiyaların tətbiqindən əldə olunmuş gəlirlər kimi 13 kriteriyanı əsas götürüblər.
Reytinqlə daha ətraflı www.timeshighereducation.com/world-university-rankings/2020/young-university-rankings səhifəsindən tanış olmaq olar.

Tehsil-press.az



Oxşar xəbərlər