Dərslikdə erməni bayrağı rənglərinin olması iddiasına nazirlikdən - Reaksiya

Dərslikdə erməni bayrağı rənglərinin olması iddiasına nazirlikdən - Reaksiya Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına münasibət bildirib.
Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib:
“Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının “Qrifli dərsliklər” bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin doğruluğunu həmin sayt vasitəsilə yoxlamağı xahiş edir”.
Nazirlikdən, həmçinin bildirilib ki, istənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir: “Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər”.

Tehsil-press.az

Oxşar xəbərlər