UFAZ-da magistratura pilləsinə qəbul olan tələbələr üçün onlayn “Tanışlıq günü” keçirilib

UFAZ-da magistratura pilləsinə qəbul olan tələbələr üçün onlayn “Tanışlıq günü” keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2020-2021-ci tədris ili üzrə magistratura pilləsinə qəbul olan ilk tələbələri üçün onlayn “Tanışlıq günü” keçirilib.
Tədbir “Teams” platforması üzərindən təşkil olunub. Tədbirə UFAZ-ın direktoru, dosent Vazeh Əskərov moderatorluq edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycan hökumətinin birbaşa dəstəyi əsasında fəaliyyət göstərən UFAZ-ın əhəmiyyətindən danışaraq magistraturada təhsil alacaq tələbələri təbrik edib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros tələbələrin onlar üçün yaradılmış şəraitdən maksimum dərəcədə faydalanaraq uğur əldə edəcəklərinə əminliyini diqqətə çatdırıb.
Strasburq Universiteti (Unistra) üzrə UFAZ-ın əlaqələndiricisi və Unistranın prezidentini təmsil edən Jan-Mark Planeks magistratura proqramlarının yüksək akademik tələblər əsasında təşkil olunduğunu, yerli və beynəlxalq şirkətlərin ən çox tələbat duyduğu namizədlər hazırlayacağını vurğulayıb. Proqramda iştirak edən professorların əksəriyyətinin çox güclü tədris və tədqiqat təcrübələri olduğunu deyən Jan-Mark Planeks onların tələbələrin sənayedə və laboratoriyada tədqiqat bacarıqlarını inkişaf etdirəcəklərini bildirib.
UFAZ-ın elmi eksperti, Unistra beynəlxalq əlaqələr üzrə prorektorunun müavini Filip Turek magistratura səviyyəsində qoyulan hədəflərə nail olmaq üçün güclü tədqiqat bazasının yaradılmasının əhəmiyyətini qeyd edib.
Magistratura pilləsi barədə fikirlərini bildirən UFAZ-ın baş katib Yelizaveta Bidanova əsas diqqəti əmək bazarına məhz bu diplomla daxil olmağın üstünlüklərinə yönəldib. Onun sözlərinə görə, UFAZ-ın magistratura proqramları güclü tədqiqat bacarıqlarına və qlobal düşüncə tərzinə malik gənc liderlər yetişdirməyi hədəfləyir.
Təhsil departamentinin müdiri Lətifə Nəsibova yeni tələbələri iki diplomun əldə edilməsi prosesində departamentin gördüyü işlərlə, tədris planları və akademik təqvim ilə tanış edib.
Tələbələrlə iş üzrə mütəxəssis Səmra Şiriyeva akademik və inzibati qaydalar, qiymətləndirmə sxemləri, dərs cədvəlləri, şirkətlərlə qurulan əməkdaşlıq, təcrübə imkanları haqqında təqdimat edib. O, həmçinin universitetdə fəaliyyət göstərən müxtəlif klublar və UFAZ Məzun Assosiasiyası haqqında məlumat verib.
Xatırladaq ki, iyunun 8-də keçirilmiş magistratura imtahanında uğurlu nəticə əldə etmiş 80 nəfər 2020-2021-ci tədris ili üçün UFAZ-ın müvafiq pilləsinə ödənişsiz əsaslarla qəbul olub. Bu pilləni bitirmiş tələbələr ADNSU ilə yanaşı, Strasburq Universitetinin diplomuna yiyələnəcəklər.
İxtisaslarından asılı olaraq tələbələr müəyyən semestrlərdə təhsillərinin bir hissəsini Unistrada, eləcə də Fransanın müxtəlif universitetlərində və laboratoriyalarında davam etdirə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər