Nikol Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün indi də həbslərə start verib - Bəhruz Quliyev

Nikol Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün indi də həbslərə start verib - Bəhruz Quliyev Ermənistanın siyasi hakimiyyətinin tamamilə iflasa uğraması göz önündədir. Lakin daha bir fakt budur ki, baş nazir Nikol Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmaq üçün indi də həbslərə start verib və o, bu vasitə ilə ölkəsini və xalqını sürüklədiyi ağır vəziyyətdən boyun qaçırmağa cəhdlər göstərir.
Siyasi ekspert Bəhruz Quliyev Ermənistanın ordu sıralarında baş verən həbslərlə bağlı münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, hətta dünəndən etibarən başlayan kütləvi istefalar da hakim “Mənim addımım” partiyasının süqutunu sürətləndirməkdədir: “Partiyanın parlament fraksiyasının aparıcı deputatları, habelə diplomatik strukturlarındakı istefalar, xüsusilə XİN rəhbərinin və onun müavininin istefa vermələri düşmən ölkədəki siyasi sabitliyin pozulmasını bütün çılpaqlığı ilə əks etdirməkdədir”.
Bəhruz Quliyev bu olaylarla yanaşı, Qarabağdakı döyüşlər zamanı hərbi qulluqçuların ölümünə səbəb olan zabit heyəti arasında həbs edilənlərin də olduğunu bildirib: “Onların adları ictimaiyyətə açıqlanmasa da, saylarının kifayət qədər çox olması bəllidir. Əbəs deyil ki, Paşinyan parlamentdəki çıxışında əsas günahkarın özü olduğunu etiraf etsə də, onu bu günahlara sövq edənlərin də olduğunu bildirib. Həmin günahkarlar isə cəbhədə mövqelərini qoyub-qaçan zabitlər və hərbçiləri ölümlə üz-üzə qoyan generallardır”.
“Daha bir sübut isə Ermənistanın sabiq hərbi komissarının etdiyi etirafıdır”, deyən siyasi ekspert onun döyüşlər vaxtı on min əsgərin fərarilik etməsi fikirlərini xatırladıb: “Əlbəttə, Ermənistan hazırkı vəziyyətinə düşməyə də bilərdi, əgər işğalçılıq siyasətindən əl çəkib silahlı qüvvələrini ərazilərimizdən sülh yolu ilə çıxarsaydı. Amma bu baş vermədi, əksinə müharibə ritorikaları, dövlət sərhədlərimizdə silahlı təxribatlar, təhdidlər və s. Bütün bunlar Azərbaycanın səbrini tükəndirirdi və cənab Ali Baş Komandan İlham Əliyev sentyabırn 27-ə qədər dəfələrlə xəbərdarlıqlarını etmişdi. Hətta müharibə zamanı da təkliflərini irəli sürdü, lakin Nikol Paşinyan bu təkliflərə getmədi. Nəticədə indi də “günahkar keçi” axtarışına çıxıb, bir müddət əvvəl onun işğalçılıq, təcavüzkar siyasətinin tərkib hissəniə çevrilmiş hərbçiləri hədəfə alıb”.
Baş redaktor erməni baş nazirin çıxılmaz vəziyyətə düşməsinin daha bir səbəbinin xalqı da günahkar çıxarması olduğunu bildirib: “O, sosial şəbəkə vasitəsi ilə çıxışı zamanı istefasını tələb edən xalqı “divarlar arxasında ulayanlar” adlandırdı, bunun üçün hələ də mövqelərdə qalmış erməni hərbçilərini paytaxt İrəvana çağırdı ki, xalqa silah qaldırsınlar. Amma bu baş vermədi, hərbçilər onun çağırışına uymadılar. Mövqelərini tərk etsələr də, xalqa qarşı çıxmadılar. Hesab edirəm ki, məhz bundan sonra Paşinyan yüksək rütbəli zabitlərin həbs olunmalarına qərar verdi”.
“Ümumiyyətlə, Ermənistandakı həbslər Nikol Paşinyan rejiminin hakimiyyətinin qalma müddətinə heç bir təsir göstərməyəcək. Bu, sadəcə onun son ümidləridir ki, o ümidlər də tükənmək üzrədir”, deyən Bəhruz Quliyev sonda onu da bildirib ki, Ermənistanın ictimai rəyi iki hissəyə - azlığa və çoxluğa bölünüb və çoxluq hissəsi xalq olsa da, unutmamalıyıq ki, onların da başlarında dayananlar müharibə ritorikası ilə danışanlardır. Azlıq hissəsi isə müharibəni istəməyənlərdir: “Söz yox ki, bu cür düşüncələr uğursuz erməni düşüncəsinə heç bir müsbət hal gətirə bilməz və biz ikinci Qarabağ müharibəsində bunun şahidinə çevrildik. Bir sözlə, Ermənistan nəinki hazırkı, həm də əvvəlki hakimiyyətlərin ağır fəsadlarını yaşayır və söz yox ki, artıq bu uğursuz ölkədə vətəndaş qarşıdurması, qeyri-sabitlik, daxili silahlı münaqişələr qaçılmaz olacaq. Hətta hərbçilərin, siyasilərin həbsləri də Paşinyana heç bir üstünlük verməyəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər