İlahiyyat İnstitutu Türkiyənin Akdemİstanbul dil kursları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

İlahiyyat İnstitutu Türkiyənin Akdemİstanbul dil kursları ilə əməkdaşlıq imkanlarını müzakirə edib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kurslarının baş direktoru Muammed Ağırakça ilə onlayn görüş keçirib.
Görüşdə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparılıb. Rektor Aqil Şirinov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. O qeyd edib ki, institut təhsilalanların ilahiyyat sahəsi üzrə mütəxəssis kimi yetişmələri üçün ixtisasın əsas dillərindən olan ərəb dilinin təkmilləşdirilməsində maraqlıdır. Həmçinin ali məktəbdə tələbələrin dil biliklərinin artırılması üçün əlavə kurslar da fəaliyyət göstərir.
Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov bildirib ki, təhsilalanlar Aİİ-də ərəb dili ilə yanaşı, ingilis və fars dillərini də öyrənirlər. Bu fənlərin tədrisi əsasən 4 dil bacarığının mükəmməl öyrədilməsi yönündə aparılır.
Muhammed Ağırakça bildirib ki, Türkiyə Təhsil Nazirliyinin tərkibində özəl olaraq fəaliyyət göstərən Akdemİstanbul dil kurslarında ərəb dilinin tədrisi aparılır. Eyni zamanda, burada nəşr işləri də həyata keçirilir. O, Akdemİstanbul dil kurslarında ərəb dili səviyyəsinin öyrənilməsi üçün sınaqların həyata keçirildiyini, ixtisasartırma kurslarının fəaliyyət göstərdiyini də vurğulayıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində tələbələrin ixtisaslarına daha dərindən yiyələnmələri, bilik və bacarıqlarının təkmilləşdirilməsi yönündə xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif universitetlər, təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələri yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər