UNEC-də 60-dan çox sahibkara e-bankçılığın tətbiqi ilə bağlı təlim təşkil olunub

UNEC-də 60-dan çox sahibkara e-bankçılığın tətbiqi ilə bağlı təlim təşkil olunub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə biznes subyektlərinin texnologiya savadlılığının artırılması məqsədilə “Elektron bankçılığın tətbiqi və perspektivləri” mövzusunda onlayn təlim keçirilib.
Təlimdə 60-dan çox sahibkar, eləcə də ölkənin aparıcı banklarının məsul şəxsləri iştirak edib.
Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov ölkədə e-bankçılığın, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində qəbul olunan dövlət proqramlarından danışıb. Bu proqramların vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Professor UNEC-də sahibkarlar üçün mütəmadi olaraq müxtəlif mövzularda onlayn təlim və sertifikat proqramlarının keçirildiyini bildirib.
“Bank of Baku”nun departament direktoru Tamerlan Rüstəmov “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin təqdimatını edib. O, iqtisadyönümlü ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan dərslikdə rəqəmsal ödənişlər, ödəniş ekosistemi, e-pul, e-bankçılıq xidmətləri, rəqəmsal ödəniş zamanı yaranan problemlər və onların həlli yolları barədə metodoloji təhlillər aparıldığını deyib.
Sonra UNEC-in professoru Elnur Sadıqov “Bankların elektron xidmətləri və rəqabətliliyin artırılması” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən də danışıb.
Azərbaycan Beynəlxalq Bankının departament direktorunun müavini Əfqan Abbasov innovativ məhsul və xidmətlərin yaratdığı imkanlar barədə məlumat verib.
Təlim UNEC-in dosenti Zöhrab İbrahimovun “Bank müştərilərinin elektron xidmətlərlə maarifləndirilməsi yolları” barədə çıxışı ilə davam edib.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova sahibkarların e-bankçılıqla bağlı savadlılığının artırılmasının əhəmiyyətindən danışaraq, təlimin onlar üçün faydalı olacağını deyib.
Çıxışlardan sonra aparıcı bankların nümayəndələri sahibkarların e-bankçılıqla bağlı suallarını cavablandırıblar.

Tehsil-press.az


Oxşar xəbərlər