Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar

Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan həm hərbi, həm də diplomatik-siyasi sahədə mühüm qələbə qazandı. Belə ki, noyabrın 10-da Ermənistanın hərbi-siyasi rəhbərliyi onlar üçün təslimçilik anlamı verən üçtərəfli Bəyanatı imzalamalı oldu.
Döyüş əməliyyatlarına rəhbərlik edən müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə dövründə dünyanın nüfuzlu telekanallarına müsahibələr verərək, beynəlxalq aləmdə formalaşmış yanlış təsəvvürləri dağıtmağa nail oldu. Türkiyənin “A Haber”, ABŞ-ın “Fox News”, İtaliyanın Rai-1, Almaniyanın ARD və s. telekanallarına, Rusiyanın TASS və Interfaks, İspaniyanın EFE informasiya agentliklərinə, Yaponiyanın “Nikkei”, Fransanın “Figaro”, İtaliyanın “La Repubblica” qəzetlərinə və s. müsahibələr zamanı Prezident İlham Əliyev erməni faşizminin əsl simasını açıb-göstərdi, erməni vandallığının ağlasığmaz cinayətlərini faktlarla sübut etdi. Azərbaycan Prezidenti bəzi xarici müxbirlərin ittiham xarakterli, böhtan səpkili, qərəzli mövqe nümayiş etdirən qeyri-obyektiv və dezinformasiya səciyyəli suallarını da güclü məntiq, tutarlı fakt və dəlillərlə cavablandırdı, onları dəmir məntiqli arqumentləri əsasında susdurdu.
Bu fikirlər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynovanın “Azərbaycanın Vətən müharibəsində qələbəsi və Cənubi Qafqaz regionunda yaranan yeni reallıqlar” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsi dövründə Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya, İspaniya, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ı təmsil edən KİV nümayəndələrinə üç dildə - rus, türk və ingilis dillərində 30-dək müsahibə verib və bu müsahibələr zamanı 600-dən çox sualı cavablandırıb. Prezidentin bu müsahibələri, verdiyi sərrast, dəqiq, tutarlı, məntiqi, yeri gələndə bəzən lakonik, bəzənsə ətraflı cavablarının hər biri ayrı-ayrılıqda öyrənilməyə, araşdırılmağa layiqdir.
Hazırda Qarabağda bərpa və quruculuq işləri getdiyini qeyd edən professor İradə Hüseynova bu ərazilərimizin tezliklə əvvəlki gözəlliyinə qovuşacağını və daha yüksək səviyyədə inkişaf etdiriləcəyini vurğulayır. Müəllif bildirir ki, Prezident İlham Əliyev Ermənistanın ölkəmizə vurduğu maddi, mənəvi ziyanlara görə beynəlxalq hüquq qarşısında məsuliyyəti ilə bağlı zəruri işləri görür, erməni vandallığının inanılmaz cinayətlərini beynəlxalq ictimaiyyətə bəyan edir. Bu baxımdan məqalədə Azərbaycan Prezidentinin fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı üzərində xüsusilə dayanılır. Bildirilir ki, dünya ölkələri mediasının diqqət mərkəzində olan mətbuat konfransı Xocalı soyqırımı günü keçirildiyindən Prezident öncə bu soyqırımı barədə məlumat verib. Dövlətimizin başçısı vurğulayıb ki, hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Professor İradə Hüseynova məqalədə Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlara da toxunub. Həmçinin Azərbaycan Prezidentinin “Biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və dəfələrlə açıq deyirdim, torpaqlarımız nə qədər ki, işğal altındadır, biz bu siyasəti aparacağıq. Deyirdim ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın, ondan sonra bölgədə işbirliyi də ola bilər, əməkdaşlıq da ola bilər və bizim siyasətimizdə dəyişiklik də ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də ki, 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”, - fikrinə diqqət çəkib.
Məqalədə yazılıb: “Azərbaycan Respublikası sülhsevər ölkədir, burada multikultural dəyərlərə önəm verilir və multikulturalizm dövlət siyasətidir. Sülhə önəm verildiyi səbəbindən ölkəmizin rəhbəri İkinci Qarabağ müharibəsinin gedişində dəfələrlə bəyan edib ki, erməni tərəfi torpaqları tərk etmək qrafikini verən kimi biz döyüşü dayandıracağıq. Həqiqətən elə belə də oldu – 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra aktiv döyüş əməliyyatları dayandırıldı, Azərbaycan hər iki tərəfdən itki verilməsinin qarşısını aldı. Təbiidir ki, müharibə davam etsəydi, bu, Ermənistan üçün daha ağır nəticələr doğuracaqdı. Ölkəmiz 30 il idi ki, münaqişənin yalnız dinc, danışıqlar yolu ilə həllinə çalışırdı, regionda sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırırdı. Lakin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ölkəmizin suverenliyinin bərpası istiqamətində yol əvvəlcə hərbi, sonra isə siyasi–diplomatik yol oldu. Prezidentə 26 fevral tarixli mətbuat konfransında verilən suallardan biri də məhz bu məsələ ilə bağlı idi: Azərbaycan bundan sonra davamlı sülhü təmin etmək üçün nə edəcək? Prezidentimizin cavabı Azərbaycan xalqının, Azərbaycan dövlətinin nə qədər sülhpərvər olduğunu xarici jurnalistlərin diqqətinə bir daha çatdırdı: “... davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr Bəyanatına sadiqlik nümayiş etdirməklə olar”.
Professor İradə Hüseynova, həmçinin vurğulayır ki, mətbuat konfransında Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin nümayəndəsi 44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin sülhməramlı kimi çıxış etdiyini, Ermənistan tərəfinin isə bir dəfə də olsun, bu cür bəyanat vermədiyini bildirib. Məqalədə Azərbaycan Prezidentinin mətbuat konfransında söylədiyi “Müharibə bizə lazım deyildi. Bu, məcburi tədbir idi. Bu tədbir bütün otuz illik səmərəsiz danışıqlardan daha effektli oldu. Beləliklə, hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik”, - fikri də diqqətə çatdırılır.
Müəllif qeyd edir ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları azad edildikdən sonra ən aktual olan və məcburi köçkünlərimizi, həm də beynəlxalq KİV-ləri maraqlandıran məsələlərdən biri həmin ərazilərdə məskunlaşma ilə bağlıdır: “Jurnalistləri maraqlandıran məsələlər qismində əhalinin reinteqrasiyası prioritet əhəmiyyət kəsb edirdi. Hələ 44 günlük müharibə zamanı əcnəbi media qurumlarının nümayəndələri Prezident İlham Əliyevdən müsahibələr alarkən məhz bu məsələyə dəfələrlə toxunurdular. Təbii ki, fevralın 26-da keçirilən mətbuat konfransında da bu səpkili suallar oldu. Dövlətimizin başçısı bildirdi ki, müharibə təzə başa çatdığından azərbaycanlılar hələ işğaldan azad edilmiş regionlara köçürülməyib. Artıq bildirildiyi kimi, bu məqsədlə ərazilər minalardan təmizlənməli və tam təhlükəsiz olmalıdır.
Digər tərəfdən, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışının qarşısını almaq və ya bunu ləngitmək üçün erməni tərəfi bütün yaşayış yerlərimizi tanınmaz hala salıb. Müharibədən sonra dövlətimizin başçısı bir neçə dəfə bu regionlara səfər edib, erməni vəhşiliyinin analoqu olmadığını bütün dünyaya bəyan edib. Hətta bəzi şəhərlərimizdə dağıntılar o dərəcədədir ki, Azərbaycanın dövlət bayrağını sancmaq üçün heç bir bina tapılmayıb.
Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı zaman nəinki xalqımızın tarixi və mədəni irsinə böyük ziyan vurub, həmçinin regionun ekologiyasına, insanların əmlakına, infrastruktura qarşı da görünməmiş vəhşilik edib. Bu vandallıq 10 noyabr Bəyanatından sonra da davam etdirilib. Bunu bölgəyə səfər edən KİV nümayəndələri gözləri ilə görüb və mətbuat konfransında da bu problemə aydınlıq gətirilməsini xahiş ediblər. Prezident çox sərrast qeyd etdi ki, bütün dünya bizim kiminlə üz-üzə gəldiyimizin və hansı bəlanı məğlub etdiyimizin şahidi oldu. Eyni zamanda, onu da vurğuladı ki, ermənilərin ölkəmizə və xalqımıza vurduğu bu ziyanlar və dağıdıcı fəaliyyətlər onlara baha başa gələcək: “İkinci Qarabağ müharibəsinin əhəmiyyəti təkcə ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır. Bütün dünya erməni faşizminin əsl real sifətini gördü. Biz, əlbəttə ki, bütün dəymiş ziyanı hesablamalıyıq və hesablayırıq. Mənim göstərişimlə indi Azərbaycanın müvafiq qurumları video, foto çəkilişlər aparırlar, dron çəkilişləri aparılır. Dəymiş bütün ziyan hesablanacaq. Dağılmış bütün evlərin protokollaşdırılması işlərinə start verilib ki, vətəndaşlar fərqi qaydada dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrə, ilk növbədə, Azərbaycan məhkəmələrinə və sonra beynəlxalq məhkəmələrə müraciət etsinlər”.
Məqalənin müəllifi mətbuat konfransında işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq istiqamətində görülən işlər barədə danışan dövlətimizin başçısının “Bizim böyük planlarımız var və biz onları reallaşdıracağıq. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Biz bağlanmış müqavilələr əsasında ilk ödənişləri həyata keçirməyə başlayırıq” fikrini sitat gətirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə tikinti-abadlıq işlərinin “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında gerçəkləşdiriləcəyindən də danışıb.

Tehsil-press.az




Oxşar xəbərlər