Xudaverdi Əliyev onlayn “minnətdarlıq” qəbul etmir – Yalnız döşünə taxılmalıdır

Xudaverdi Əliyev onlayn “minnətdarlıq” qəbul etmir – Yalnız döşünə taxılmalıdır Respublikamızda təhsil işçiləriinin Covid-19 virusuna qarşı peyvəndlənməsinə başlanılıb. Sumqayıtda da müəllimlərin vaksinasiiyası davam edir. Amma proses davam edir, hər halda başa çatmayıb. Və nə qədər ki başa çatmayıb, nə qədər ki ölkəmizdə karantin rejimi ləğv olunmayıb, Nazirlər Kabineti yanında koronovirusla mübarizə tədbirlərini idarə etmək məqsədilə yaradılmış Operativ Qərargahın elan etdiyi qərarlara riayət etmək hamının, eləcə də təhsil işçilərinin borcudur.
Həmin qaydalar sırasında ən önəmlilərindən biri isə kütləvi toplantı keçirməməklə bağlı qadağadır. Əgər sinifdə bir müəllim, on şagird olursa, hələ ümid etmək olar ki, şagirdlər uşaq və yeniyetmə olmalarına rəğmən immunitetləri yüksək olduğundan risk qrupuna daxil deyillər. Amma gəlin razılaşaq ki, onlarla orta yaşlı təhsil işçisinin bir araya gəldiyi toplantı keçirmək iştirakçıları açıq-aşkar təhlükə altına qoymaq deməkdir. Belə bir qəbahət işi bu günlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin sədri Xudaverdi Əliyev görüb. O, təqdimat yığıncağı təşkil edərək, dəvət etdiyi müəllimləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubiley döş nişanı ilə təltif edib.
Sual olunur: Pandemiyanın tüğyan etdiyi, yoluxma və ölüm sayının gündən-günə artdığı indiki vəziyyətdə belə bir tədbiri keçirmək çoxmu vacib idi? Onu bir qədər sonraya, məsələn, heç olmasa, şəhər təhsil işçilərinin peyvəndlənməsinin başa çatmasınadək təxirə salmaq olmazdımı? Ya da, internet vasitəsilə onlayn-toplantı keçirib döş nişanlarını laureatların ünvanına göndərmək pis olardımı? Axı, bir nəfər nişanı üzbəüz, bir nəfəs qədər yaxın dayandığı ikinci şəxsin yaxasına taxırsa, bu halda onların arasında sosial məsafəni gözləmək qeyri-mümkündür!
Görünür, Xudaverdi Əliyev üçün təltif olunanların ona internet üzərindən, yaxud, başqa rabitə vasitəsilə uzaqdan-uzağa minnətdarlıq etmələri, quru “sağ ol” demələri azlıq edib, onlarla yaxın təmasa ehtiyac duyub ki, əllərini ciblərindən çıxarıb onunla salamlaşsınlar.
O da aydındır ki, toplantıda koronavirusa yoluxub xəstəxanalıq ola biləcək təhsil işçilərinin qayğılarını məntiqlə həm də həmkarlar ittifaqı bölüşməlidir. Belə çıxır ki, nə müəllimlərin həyatı, nə də təşkilatın büdcəsinin düşə biləcəyi ziyan Xudaverdi bəyi narahat etmir. Onun üçün əsas olan bu atalar sözüdür: “Sifarişlə Həcc qəbul olunmur”.

Emilya Aslanlı


Xudaverdi Əliyev onlayn “minnətdarlıq” qəbul etmir – Yalnız döşünə taxılmalıdır

Oxşar xəbərlər