İyunda Təhsil Nazirliyi 3-6 min şagird arasında onlayn formada qiymətləndirmələr həyata keçirəcək

İyunda Təhsil Nazirliyi 3-6 min şagird arasında onlayn formada qiymətləndirmələr həyata keçirəcək 2019-2020-ci il tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında hər hansı qiymətləndirmənin həyata keçirilməsi nəzərdə tutulmur. Yəni şagirdlər və müəllimlər arasında kiçik və ya böyük summativ qiymətləndirmə aparılması planlaşdırılmır. Şagirdlərin illik yekun qiymətləndirmələrinin çıxarılması növbəti sinfə keçirilməsi üçün onların 2019-2020-ci il tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Öz nəticələrindən razı olmayan şagirdlər nəticələri yaxşılaşdırmaq istəyirlərsə və ya hər hansı fəndən birinci yarımil üzrə qeyri-kafi qiymət alıblarsa, onlar tədris ili öncəsi məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib öz qiymətlərini yaxşılaşdıra bilərlər.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.
“Bu dövrdə şagirdlərə məzmunun intensiv şəkildə çatdırılması həyata keçirilir. Bu, həm müəllimlər, həm də Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada teledərslər vasitəsilə icra olunur. Təhsil Nazirliyi teledərslər vasitəsilə bu həftənin sonunadək 1200 dərsin yayımını həyata keçirib. “Virtual məktəb” layihəsinə qoşulmuş şagird və müəllimlərin sayı 900 minə yaxınlaşır. Bu məzmunun mənimsəmə səviyyəsini müəyyən etmək məqsədilə iyunda Təhsil Nazirliyi hər bir yaş qrupu üzrə 3 mindən 6 minə qədər şagird arasında onlayn formada ölçmələr, qiymətləndirmələr həyata keçirəcək. Burada məqsəd monitorinqdir. Proqramın mənimsəmə səviyyəsini müəyyən etmək istəyirik ki, növbəti aylarda, o cümlədən yay aylarında şagirdlərə dəstək mexanizmlərini daha uyğun formada təqdim edə bilək. Məqsəd ümumtəhsildə siniflər arasında, məzmun arasında varisliyi təmin etmək, növbəti tədris ilində şagirdləri maksimum şəkildə hazırlıqlı formada qəbul etməkdir”, - deyə Təhsil naziri bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər