
Hazırda Azərbaycan yüksək elmi potensiala malik ölkələr sırasına daxildir. Ölkənin elmi işçilərinin qarşısında duran məsələlərdən biri də elmdə varisliyin təmin edilməsidir. Bu, gənclərin elmi maraqlarının və yollarının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir. Respublikamızda fizika üzrə fundamental tədqiqatların aparıcı mərkəzi olan Fizika İnstitutu bu məqsədlə Azərbaycanın elm və tədris müəssisələrini birgə fəaliyyətə dəvət edir.
Birgə fəaliyyətin məqsədi fundamental tədqiqatların davamlı aparılması üçün tədqiqatçıların bir-birinə köməyinin təmin edilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlı alimlərin dünya elmi ictimaiyyəti sıralarına daxil edilməsinə kömək göstərilməsi, müxtəlif regionlardan və təşkilatlardan olan gənc alimlər tərəfindən birgə elmi proqramların tərtib edilməsi və həyata keçirilməsinə müvafiq şəraitin yaradılmasıdır. Eyni zamanda, birgə fəaliyyətin məqsədi respublika üçün əhəmiyyət kəsb edən, yeni biliklərin mənimsənilməsinə təkan verən fundamental elmi tədqiqat layihələrinin təqdimatına kömək göstərmək, fundamental tədqiqatlar aparan elmi kollektivlərin və alimlərin fərdi şəkildə dəstəklənməsi, tədqiqatların nəticələri haqqında məlumatların yayılması və nəşr olunmasıdır.
Fizika İnstitutunun fundamental tədqiqatlarının əsas istiqamətləri bunlardır: kondensə olunmuş hal fizikası; optoelektronikanın fiziki-texniki əsasları; nüvə fizikası və yüksək enerjilər fizikası; mühəndis elminin fundamental əsasları.
Tehsil-press.az