Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclası keçirilib

Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclası keçirilib Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının ilk iclası keçirilib.
İclası açan AMEA-nın vitse-prezidenti, problem şurasının sədri, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Akademik bildirib ki, “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanunu və Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş ETƏŞ haqqında Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq elmi istiqamətlər üzrə problem şuralarında konkret istiqamətlərə dair dissertasiya mövzuları müzakirə edilərək təsdiq olunur.
R.Əliquliyev qeyd edib ki, dissertasiya mövzularının ETƏŞ tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.4. bəndində də öz əksini tapıb. Bu bənddə göstərilir ki, dissertasiyaların mövzularını müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının təqdimatı əsasında ETƏŞ hər bir iddiaçı üçün ayrılıqda təsdiq edir və ya dəyişdirir.
Akademik R. Əliquliyev elmi istiqamətlər üzrə problem şurasının yaradılmasının əsas məqsədinin ölkədə müvafiq elmi istiqamətlərin inkişaf etdirilməsi, həmin elmi istiqamətlər üzrə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsi, onların nəticəliliyi və səmərəliliyinin yüksəldilməsinin təmin edilməsi olduğunu bildirib.
Həmçinin qeyd edib ki, elmi istiqamətlər üzrə problem şurasının əsas vəzifələrindən biri elmi tədqiqat və ali təhsil müəssisələrində elmin müvafiq istiqamətləri üzrə yerinə yetirilən dissertasiya mövzularını elmi (elmi-texniki) şuraların təqdimatı əsasında müzakirə etmək, onların təsdiqi və ya dəyişdirilməsi haqqında qərar qəbul etməkdir.
R.Əliquliyev bu məqsədlə elmi istiqamətlər üzrə 6 problem şurasının yaradıldığını bildirib, Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının tərkibini təqdim edib.
Sonra akademik Rasim Əliquliyev elmlər doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün 2 müraciətin daxil olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb. Hər iki dissertasiya işi problem şurasının üzvləri tərəfindən geniş müzakirə olunub, müəyyən düzəlişlər nəzərə alınmaqla mövzular təsdiq edilib. İclasda, həmçinin fəlsəfə doktoru hazırlığı üzrə 13 dissertasiya mövzusu təsdiq olunub.
Onlayn iclasda problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər