Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: Yeni dissertasiya şurasının ilk iclası keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi: Yeni dissertasiya şurasının ilk iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni dissertasiya şurasının ilk toplantısı keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 2019-cu il 19 dekabr tarixli əmri ilə Ədəbiyyat Muzeyinin nəzdində ED 1.31 qeydiyyat nömrəsi ilə filologiya elmləri sahəsində fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün dissertasiya şurası yaradılıb. Şuranın sədri akademik Rafael Hüseynov, sədr müavini filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, elmi katibi filologiya üzrə elmlər doktoru, professor Tofiq Məlikovdur. Dissertasiya şurasının tərkibinə respublikanın görkəmli alimləri daxil edilib.
Yeni yaradılmış dissertasiya şurasının ilk iclasında çıxış edən akademik Rafael Hüseynov son dövrlərdə humanitar elmlər sahəsində ciddi irəliləyişlərin, böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, dissertasiya şurasında ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı (İran ədəbiyyatı), mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Rafael Hüseynov humanitar elmin prioritet istiqamətlərində araşdırmalar aparılması, tədqiqat mövzularının miqyasının genişləndirilməsi, yeni araşdırmaların müasir dünya elminin tələblərinə uyğunlaşmasının zəruriliyini qeyd edib.
İclasda dissertasiya şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, müəyyən edilmiş nöqsanların əsaslandırılması, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər