"Həbs edilən generallar istintaq üçün, yeri gələrsə, açar fiqurlar ola bilər..."

Keçmiş MTN generallarının həbs edilməsi ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl aşağıdakı suallara cavab verdi.
- Bu həbslər Eldar Mahmudova da yolun sonunu göstərmirmi?
- Ölkədə cinayət əməlləri bilinən şəxslərin bəzən zamanında həbs edilməməsinin, amma bu cür ifşaedici materialların ehtiyat variant olaraq saxlanması və zəruri hal yaranarsa istifadə olunması yenilik deyil. General Rövşən Əkbərovun həbsi kimi. Ona görə də, ləğv olunmuş MTN generallarının aqibətinin perspektivdə onların keçmiş şefini də gözləməsi tamamilə mümkündür. Keçmiş MTN İstintaq baş idarəsi rəisinin və Hərbi əks-kəşfiyyat idarəsi rəisinin həbsi bu perspektivin zaman kəsimini yaxınlaşdıra bilər. Bu vəzifələrin sahibləri istintaq üçün, yeri gələrsə, açar fiqurlar ola bilər.
- Tezliklə onun da həbsxanaya göndəriləcəyi ehtimalı varmı?
- Ehtimal çoxdan var, amma onun reallaşmasının tezliklə olacağını söyləmək çətindir, çünki bu cür məsələlər adətən iradi qərarlarla həll olunur və hüquqi əsas ehtiyat variant kimi həmişə əl altında saxlanır. Hüquqi əsaslar isə kifayət qədərdir.
- Bu həbslər Rövşən Əkbərov və Nəcməddin Sadıkovun ordu daxilindəki təxribatçı əməllərinin ifşasının nəticəsi ola bilərmi?
- Nəzərə alsaq ki, həbs olunanlardan biri MTN Hərbi əks-kəşfiyyat idarəsinin rəisi olub, mümkündür. Ordu daxilində neqativ halların aşkar edilməsindən tutmuş cinayət əməllərinin zamanında aşkar edilməsi, uyğun tədbirlər görülməsi hərbi əks-kəşfiyyat idarəsinin vəzifəsidir. Orduda isə bu işlərin aparılmamasının nəticəsi olaraq cinayət tərkibli əməllərin baş verdiyi sonralar üzə çıxdı. Ona görə də, əgər hərtərəfli istintaq işi aparılarsa, cəmiyyət yalnız dediyiniz adamların deyil, başqalarının da əməllərinin ifşasının şahidi ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər