Pedaqoji Universitet indiyədək ölkəmizə 160 mindən çox yüksəkixtisaslı məzun verib

Pedaqoji Universitet indiyədək ölkəmizə 160 mindən çox yüksəkixtisaslı məzun verib Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 100 illik elm və təhsil ocağı kimi indiyədək ölkəmizə 160 mindən çox yüksəkixtisaslı məzun verib. Onların sırasında alimlər, dövlət və siyasi xadimlər, hərbçilər, qəhrəmanlar və minlərlə müəllimlər olub. Bu gün Pedaqoji Universitetin 18 minə yaxın tələbəsi var. 100 illiyini qeyd edən ali təhsil müəssisəsinin tədrisdən başqa, sosial-ictimai həyatı da diqqət çəkir.
Universitetin qaynar sosial həyatında əməkdaşlar, müəllimlər və müvafiq strukturlarla yanaşı, tələbələri də xüsusi rol oynayır. ADPU-da ümumilikdə 5 tələbə təşkilatı fəaliyyət göstərir. Tələbələr universitetin gündəlik işində birbaşa iştirak edən bacarıqlı gənclərdir. Bu ilin mart ayında fəaliyyətə başlayan universitetin onlayn internet televiziyası – ADPU TV-nin yayım və texniki heyəti, aparıcıları, ssenaristləri və digər üzvləri də tələbələrdir. Yutub platforması üzərindən fəaliyyət göstərən televiziyaya ümumi nəzarəti universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları həyata keçirsə də, aparıcı qüvvələri tələbələr içərisindən seçilib. Universitetin mətbu orqanı olan “Gənc müəllim” qəzetinin redaktorları arasında yer alan tələbə Asim İbrahimov, eyni zamanda, universitetin teleqram tətbiqindəki süni intellekt robotu olan “ADPUBot”un əsas müəlliflərindəndir. Hazırda hazırlanmasının son mərhələsində olan ADPU-nun mobil tətbiqinin müəllifi isə ADPU SMM komandasının üzvü olan Vüsalə Bədirovadır. Bundan başqa universitetin 100 illiyi münasibətilə hazırlanan “ADPU-nun qəhrəmanları” və “ADPU haqda 100 fakt” kitabının həmmüəllifləri arasında da universitetin fəal tələbələri yer alır.
Pedaqoji Universitetin 100 illik yubileyi ərəfəsində görülən işlərə ümumilikdə 30 nəfərə yaxın tələbə könüllü surətdə qoşulub. Hazırda ali təhsil müəssisəsinin sosial-ictimai fəaliyyətində misilsiz xidmətləri olan belə tələbələr universitet rəhbərliyinin diqqət mərkəzindədir.
ADPU-nun öz məzunlarını əmək fəaliyyətinə cəlb etməsi isə artıq ənənə halını alıb. Təhsil dövründə universitetin sosial-ictimai fəaliyyətində xüsusi fərqlənən tələbələrdən bir çoxu məzun olduqdan sonra universitetdə işə qəbul olunurlar. Təsadüfi deyil ki, bir müddət əvvəl universitetin ötənilki məzunlarından bir neçə nəfəri işə götürülüb. Bu minvalla əminliklə qeyd etmək olar ki, Pedaqoji Universitet öz tələbə və məzunlarını hər zaman təlim-tədris və sosial-ictimai fəaliyyətinə cəlb etməkdə maraqlıdır və onların əməyini yüksək qiymətləndirir.

Tehsil-press.az


Oxşar xəbərlər