Pedaqoji Universitetin Elmi şurasının iclası keçirilib

Pedaqoji Universitetin Elmi şurasının iclası keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən reallaşan iclası açan Elmi şuranın sədri, rektor, professor Cəfər Cəfərov ötən dövrdə görülmüş işlərdən danışıb.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov koronavirus pandemiyası ilə bağlı yay imtahan sessiyasının bu semestrdən tətbiq olunan onlayn şifahi formatda keçirilməsinin ilkin statistik vəziyyəti haqqında məlumat verib. Qeyd edib ki, imtahan sessiyasının ilk həftəsində Bakıda 244 qrup üzrə 5390 tələbədən 5268-i imtahanda iştirak edib. 106 tələbə imtahana qoşula bilməyib. 70 tələbə qeyri-müvəffəq qiymət alıb, onlardan 10 nəfəri apellyasiya komissiyasına müraciət edib. İmtahanlar bu formada iyunun sonunadək davam edəcək və proses İmtahan Qərargahı və Apellyasiya Komissiyası tərəfindən nəzarətdə saxlanılacaq. İmtahanlara qoşula bilməyən tələbələrə ödəniş etmədən imtahan vermək şansı veriləcək.
E.Aslanov bildirib ki, mövcud çətinlikləri nəzərə alaraq dərslərə müntəzəm qoşula bılməyən tələbələrə müstəsna olaraq semestr imtahanlarında iştirak etməyə icazə verilməsi qərara alınıb. ADPU üzrə buraxılış işini yerinə yetirmiş 194 tələbənin onlayn müdafiələri iyunun 21-30-da keçiriləcək. Həmçinin qərara müvafiq olaraq tələbələrin buraxılış işi müdafiəsindən imtina etmək hüququ var.
2021/2022-ci tədris ilinin qəbul planı haqqında məlumat verən prorektor ADPU-nun bakalavriatura və magistratura təhsil səviyyələri üzrə yeni tədris ilinin qəbul planının təsdiq edildiyini bildirib. Qeyd olunub ki, bu il ADPU-nun Şamaxı filialında fizika müəllimliyi və təhsildə sosial-psixoloji xidmət, Ağcabədi filialında fizika müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi və xarici dil müəllimliyi (ingilis dili), Quba filialında coğrafiya müəllimliyi, tarix müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları açılıb və paralel olaraq qəbul planının sayı artırılıb. Əlamətdar hadisədir ki, bu il həm də ADPU-ya ilk dəfə bakalavr təhsil pilləsi üzrə ibtidai sinif müəllimliyi və riyaziyyat müəllimliyi ixtisasları üzrə hər biri 15 nəfər olmaqla ingilis bölməsi üzrə qəbul nəzərdə tutulub.
Magistratura səviyyəsində qəbul planı 361-dən 372-yə artırılıb və planda bir çox yeniliklər edilib. Bu il də ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU-nun birgə beynəlxalq proqramı üzrə menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə 25 yer (İngilis bölməsi), o cümlədən ilk dəfə olaraq pedaqogika ixtisasının təlim və tədrisin təşkili və metodikası ixtisaslaşması üzrə “SABAH” magistratura proqramı olmaqla 50 nəfər dövlət sifarişi yeri və biznesin təşkili və idarə olunması (təhsil sahəsi üzrə) ixtisası üzrə 50 yer təsdiq edilib. Bakalavriatura və magistratura təhsil səviyyəsi üzrə bütün ixtisaslarda təhsil haqqı 2000 manat, biznesin təşkili və idarə olunması (təhsil sahəsi üzrə) magistr ixtisası üzrə 2500 manat təsdiq olunub. Artıq bakalavriatura təhsil səviyyəsi üzrə 2020-ci ildə təsdiq edilmiş təhsil proqramlarına uyğun olaraq ADPU-nun tədris planları hazırlanıb və təsdiq olunub. Bu ildən bütün ixtisaslara inklüziv təhsil, dəqiq və təbiət elmlərindən olan ixtisaslarda isə STEM fənni daxil edilib.
Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov cari məsələlər üzrə çıxış edib.
Sonra 8 iddiaçıya dosent elmi adının verilməsi üzrə gizli səsvermə keçirilib. Hesablayıcı komissiyanın hesabatı dinlənilib və gizli səsvermənin nəticələri Şura tərəfindən təsdiq edilib. Bütün iddiaçılara dosent elmi adının verilməsi ilə bağlı qərar qəbul olunub.

Tehsil-press.az



Oxşar xəbərlər