Bölgənin taleyini həll edən üç prezident və üç mühüm seçki ili!

Bölgənin taleyini həll edən üç prezident və üç mühüm seçki ili! Azərbaycanlı siyasi təhlilçilərdən ilginc yanaşmalar: “İndiki şərtlər bizi bütün hallarda tələsdirməlidir ki, gələcəyə daha az problem saxlayaq”
Son Qarabağ savaşından sonra bölgəmizdə yaranmış yeni situasiyanın heç şübhəsiz üç memarı və lideri var. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladmir Putin və Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı və siyasi anlaşması sayəsində Qarabağ problemində ciddi dönüş oldu, qüdrətli Azərbaycan Ordusu 30 ildən bəri işğalda olan torpaqlarımızı müzəffər Ali baş Komandanın qətiyyəti sayəsində azad etdi.
Bu üç liderin anlaşması bölgədə yeni vəziyyətin yaranmasına gətirib çıxardı ki, indi Qərb israrla bu vəziyyəti həm özünün, həm də məğlub Ermənistanın lehinə dəyişmək üçün dəridən-qabıqdan çıxır. Yaxın iki ildə 10 noyabr anlaşmasının gerçəkləşməsi ilə həm bu ölkələrin, həm də prezidentlərin mövqelərinin daha da möhkəmlənəcəyi proqnozlaşdırılır. Bu səbəbdən bir çox ekspertlər hər üç liderin bölgədə əməkdaşlığının, qarşılıqlı etimadının davamlı olmasını arzulayır və qarşıdakı seçki ilinə xüsusi önəm verir. Məlumdur ki, 2023-də Türkiyədə, 2024-də Rusiyada və 2025-də isə Azərbaycanda prezident seçkiləri ilidir. Qarabağ savaşından qalib çıxan şuşa fatehi İlham Əliyevin ölkə daxilində reytinqi çox üstündür və yaxın illərdə atılacaq digər addımları, xüsusilə əhalinin tədricən öz yurd-yuvalarına qayıdacağının başlayacağını nəzərə alsaq, bu reytinq azalmayacaq, əksinə, daha da artacaq. Türkiyədə də 20 ildir hakimiyyətdə olan Ərdoğanın rəhbərlik etdiyi AKP uğurlu daxili və xarici siyasəti davam etdirmək əzmindədir. Putin Rusiyasında bu ilin payızında Dövlət Dumasına seçkilər, bəzi regionlarda isə qubernator seçkiləri Putin hakimiyyətinin sonrakı taleyini həll edəcək mühüm göstərici olacaq. Bu səbəbdən üç il ard-arda olacaq seçkilərə böyük diqqətin olacağı şübhəsizdir. İstisna deyil ki, Qərb təsisatları və bəzi ölkələr həm Ərdoğanın, həm də Putinin hakimiyyətdən getməsini istəyirlər. Son sözü seçici olan xalq desə də, bəzi narahatlıqlar indidən var. Bu səbəbdən heç şübhəsiz, qarşıdakı üç seçki ili hər üç ölkə üçün mühüm sınaq olacaq. Bəs Azərbaycandakı ekspertlər nə düşünürlər, Türkiyədə və Rusiyada bir-biri ilə anlaşan və hər bir məsələdə dil tapan Ərdoğan və Putin hakimiyyətdəın gedərsə, nələr baş verər? Bu cür arzuolunmaz dəyişikliklər hələ həssas olan bölgəyə və Azərbaycana nələr vəd edə bilər? Əliyev-Ərdoğan və Putin hakimiyyətlərinin davamı bölgə və dünya üçün nə qədər vacibdir?
“Qarabağın azad olunmasında şübhəsiz ki, bu üç dövlətin anlaşımasının əhəmiyyətli rolu olub. Hər nə qədər qələbəni Azərbaycan Ordusunun rəşadəti və bu orduya rəhbərlik edən ali baş komandanın hərbi-diplomatiik manevrləri təmin etsə də, beynəlxalq faktorların da təsir gücünü gözardı edə bimərik”.
Deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. F.Mustafanın sözlərinə görə, xüsusilə də Türkiyənin qətiyyətlə Azərbaycanı müdafiə etməsi və Rusiyanın nisbi neytrallığını qoruması ciddi amillər sayılmalıdır: “Təbii ki, burada hər üç dövlətin başında duran personaların şəxsi keyfiyyətləri və müstəqil qərar qəbul etmə qabiliyyətləri proseslərin irəliləməsinə xeyli təkan verib. Ancaq bir gerçək də var ki, kimsə hakimiyyətdə əbədi deyil və əvvəl-axır dəyişikliklər qaçılmazdır. Burada köklü dövlətlərlə münasibət söhbət mövzusu olduğuna görə qonşuluqda hər hansı bir iqtidar dəyişikliyinin dövlət siyasətinə əhəmiyyətli təsir göstərəcəyinə inanmıram”. Deputat hesab edir ki, əslində Rusiya, Türkiyə və Azərbaycanı bu məsələdə bir araya gətirən maraqlar var. İlk növbədə Qərbin qeyri-səmimi münasibəti: “Rusiyaya sanksiyalar tətbiq olunub, Türkiyəyə qarşı müttəfiq xəyanəti baş verib, Azərbaycanın isə kiçik Ermənistan qarşısında illərdir əlini-qolunu bağlayıblar. O halda birlikdə hərəkət qaçınılmaz olur. Baxın, Azərbaycan Avropa Birliyi ilə enerji məsələlərində ən yaxın münasibətlərdədir. Nə olsun? Qurum Ermənistana və Gürcüstana 5 milyard avroya yaxın yardım edir, Azərbaycana isə dəstək vermir. Fikrimcə, bölgədəki anlaşma yalnız üç dövlətin xarizmatik liderlərinin istəyi ilə baş tutmur, dövlətlərin maraqları ilə gerçəkləşir. Ona görə də indiki şərtlər bizi bütün hallarda tələsdirməlidir ki, gələcəyə daha az problem saxlayaq. Qonşuluqda arzuolunmaz proseslər olarsa, geridönüşü indidən çətinləşsin”. F.Mustafa bu məsələ ilə bağlı Türkiyə ilə hansısa problemimizin olacağını təsəvvürə belə gətirmədiyini vurğuladı: “Çünki Türkiyədə iqtidar hansı formada əl dəyişərsə, Azərbaycana münasibətdə zərrə qədər də dəyişiklik olmayacağını düşünürəm. Rusiyada belə bir narahatlıq ola bilər, bu səbəbdən də bir sıra məsələlərin indidən yoluna qoyulması üçün təşəbbüslərimizi artırmalı və Türkiyəni də bizimlə birlikdə fəal davranışa təşviq etməliyik. Bizi bölgə üçün edilməsi mümkün olanlar daha çox maraqlandırır, dünyadakı maraqlarımızın təmin olunması da bölgədəki problemləri necə çözməyimizdən asılı olacaq”.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə fərqli düşünür: “2023-də Türkiyədə, 2024-də Rusiyada və 2025-də isə Azərbaycanda prezident seçkiləri ilidir və təbii ki, seçkilərin nəticələri ikitərəfli və üçtərəfli əlaqələrə öz təsirini göstərə bilər. Amma unutmaq lazım deyil ki, müvafiq ardıcıllıqla Türkiyədə, Rusiyada və Azərbaycanda keçiriləcək prezident seçkilərinə 2,3,4 il vaxt qalıb. Yəni ilk seçkidən bizi 2 illik bir məsafə ayırır ki, bu müasir dünyada geosiyasi proseslərin inkişafı və oturuşması üçün kifayət qədər böyük zaman kəsiyidir və bu müddət ərzində hər üç dövlət başçısının regionla bağlı strateji hədəflərinə əsasən çatacaqları qənaətindəyəm”. E.Mirzəbəyli zəruri qeydini də etdi: “Bu günün reallıqları çərçivəsindən dəyərləndirsək, Ərdoğanın Türkiyədə, Putinin Rusiyada, İlham Əliyevin isə Azərbaycanda keçiriləcək prezident seçkilərində qalib gələcəkləri şübhə doğurmur. Bununla yanaşı, qeyd etməliyəm ki, İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətləri onun nə zaman keçiriləcəyindən asılı olmayaraq bütün seçkilərin favoriti olması üçün yetərlidir”. Rəcəb Tayyib Ərdoğana gəldikdə isə, politoloq bunları söylədi: “Türkiyə prezidentinin ölkəsini dünyanın aparıcı güc mərkəzlərinin sırasına çıxardığı, qardaş ölkəni okeanın o üzündə verilən qərarların ”icraçısı" statusundan qlobal miqyasda sözünün və iradəsinin sahibi olan bir dövlətə çevirdiyi göz qabağındadır. Ərdoğanın Türkiyə, Türk və İslam dünyası qarşısındakı xidmətləri heç vaxt unudulmayacaq və unudulmamalıdır da". Ekspertin şimal qonşumuzla bağlı proqnozu belədir: “Rusiyada keçirilən seçkilərə 4 il qalıb, bu müddət ərzində bölgənin geosiyasi mənzərəsində ciddi dəyişikliklər olacağını düşünmürəm”.
Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov isə hesab edir ki, liderlərin münasibəti amili olduqca önəmlidir: “Real görünməsə də, təsəvvür edək kk, Putin və Ərdoğan hakimiyyətdə deyillər və ya onlardan biri hakimiyyətdən gedib. O zaman Türkiyə - Rusiya münasibətləri tamamilə alt-üst olar. Nə Rusiyada, nə də Türkiyədə Moskva və Ankara arasında münasibətlərin inkişafında bu qədər maraqlı olacaq ikinci belə siyasətçi tapılar. Həmçinin Rusiyada ikinci belə avrasiyaçı yoxdur. Türkiyə müxalifəti isə MHP-ni çıxmaq şərtilə, qərbpərəstlərdən ibarətdir. Təbii ki, Azərbaycan üçün Türkiyə və Rusiya birliyi vacibdir. 44 günlük müharibədə də, indi də bunun nəticələrini görməkdəyik”.
PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı ekspert Vitali Arkov isə Axar.az-a bildirib ki, tarixən Rusiya ilə Türkiyə arasında ciddi fikir ayrılıqları və maraqların kəsişməsi az olmayıb: “Yeni tarixdə də gərginliklər olmuşdur. Ən yadda qalanı isə Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiya qırıcısını vurması və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun FETÖ tərəfindən qətlə yetirilməsidir. Əslində, hər iki hadisə açıq hərbi münaqişəyə gətirib çıxara, Moskva və Ankara arasında diplomatik münasibətlərin qırılmasına və bütün iqtisadi əlaqələrin kəsilməsinə qədər ciddi gərginliyə səbəb ola bilərdi. Əslinə qalsa, bu qanlı təxribatların sifarişçiləri də elə buna da ümüd edirdilər. Lakin ölkələrimizin ali rəhbərliyi çətin vəziyyətdən çıxmaq üçün təcrübə və müdriklik göstərə bildilər. Və onu da qeyd etmək lazımdır ki, diplomatın unikal istedadını növbəti dəfə nümayiş etdirən və əlbəttə ki, Kremlin və bütün rus xalqının əsl dostu olduğunu sübut edən Azərbaycanın lideri İlham Əliyevin bu işdə vasitəçilik rolu misilsizdir. Odur ki, bu cür sınaqlardan sonra iki böyük dövlət üçün bütün mövcud və qaçılmaz olan fikir ayrılıqları artıq qarşısıalınmaz deyil. Postmodern dövründə bu və ya digər regionda təsir gücünü artırmaq üçün nə orada hərbi bazaların olmasına, nə də hakimiyyət başında marionetlərə ehtiyac var. Həm Rusiya, həm də Türkiyə müəyyən səhvlərdən sonra artıq tam olaraq anlaya bildilər ki, qonşu dövlətlərin marağında olmaq üçün ilk növbədə iqtisadi və ictimai-siyasi sahələrdə cəlbedici olmaq gərəkdir”. Ekspert onu da deyib ki, Kreml və Ankaranı dost adlandırmaq mümkün deyil, onlar daha çox rəqiblərdir: “Lakin hazırkı rəhbərlər də ümumi düşmənlə mübarizədə qarşılıqlı maraqları, güzəştləri, həmrəyliyi nəzərə alıraq əməkdaşlıq edir. Onların əsas rəqibinin isə qeyd olunmasına baxmayaraq, Qərb deyil, fikrimcə, bu məsələlərdə Türkiyə və Rusiya daha çox Pekindən çəkinməlidir”.
Yeri gəlmişkən, 3 ölkənin liderləri özləri də vaxtaşırı bir-birinə yüksək dəyər veriblər. Rusiya prezidentinin Ərdoğanla bağlı dediyi “ verdiyi sözü tutur, o kişidir”, fikri unudulmayıb. Azərbaycan lideri ilə dostluq münasibətində olan V.Putinin bir çox hallarda İ.Əliyevlə bağlı yüksək fikirlər söyləməsi dostları sevindirib, düşmənləri ciddi şəkildə narahat edib. Eynilə də Türkiyə prezidenti azərbaycanlı dostu, qardaşı barədə daim yüksək fikirdə olub. Prezident Əliyev isə Ərdoğanla bağlı “biz hər zaman bir yerdəyik, bir yerdə olacağıq”, deyib və dünya buna şahiddir...

Tehsil-press.az


Oxşar xəbərlər