27 sentyabr - böyük qürur və uğurlarla dolu tariximiz...

27 sentyabr - böyük qürur və uğurlarla dolu tariximiz... 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Qlobal pandemiyanın baş verdiyi şəraitdə biz müharibəni Böyük Zəfərlə sona çatdırdıq. Azərbaycan vətəndaşlarının çoxillik həsrətinə son qoyuldu...
Bu gün xalqımız torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Otuz ilə yaxın müddətdə erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahidi oluruq. Artıq azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır, mühüm işlər görülür, inanılmaz sürətlə tikinti-quruculuq, abadlıq işləri aparılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.
Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Zəminə Əsgərova bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qalır. Ölkə başçısı, ilk növbədə, Füzuli rayonunda Horadiz-Ağbənd dəmiryolu xəttinin təməlini qoydu. Bu hadisənin əhəmiyyəti olduqca böyükdür. Bu dəmir yolu xətti nəinki ölkəmizin, həm də bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ümumi uzunluğu 100 kilometr olan bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara rahat gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayır. Ən mühümü isə odur ki, bu infrastruktur Türkiyəyə qədər uzanmaqla Bakı-Tbilisi-Ceyhandan sonra Azərbaycanı qardaş ölkə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsidir. Həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin yaranmasına böyük töhfə verəcək. Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları ona növbəti mərhələyə keçmək imkanı yaratdı. Bu infrastruktur bütün türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdilli dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına da töhfə verir. Bu isə böyük bir regionda Azərbaycanın strateji əhəmiyyətini artırdı, o cümlədən iqtisadi potensialına təkan oldu.
Alim bildirib ki, işğaldan azad edilən bütün rayonlarımızın əraziləri minalardan və partlamamış mərmilərdən addım-addım təmizlənir, məntəqələr elektrik enerjisi ilə təchiz olunur, əhəmiyyətli yol-nəqliyyat xətləri, içməli su, sanitar-qovşaq və irriqasiya sistemləri bərpa edilir, ev-mənzil yaşayış sahələri yaradılır, humanitar məqsədlər üçün hava limanları tikilir. İlkin mərhələdə bu sahələrə yönəldilən sərmayələr tədricən bölgədə sosial və iqtisadi canlanmaya sərf ediləcək. Yüzlərlə hektar ərazidə taxıl əkilməsi reallaşdırılıb, azadlıq havası udan bölgələrdə ailə təsərrüfatlarının yaradılması məsələsi də gündəmdədir. Bu isə məskunlaşmadan sonra məşğulluğun təminatına və həyat səviyyəsinin yaxşılaşdırılmasına səbəb olacaq. Böyük Qayıdışın başlanması ilə Qarabağda həyat güləcək, perspektivdə bu yerlər beynəlxalq turizm məkanına çevriləcək.
“Bu ilin əvvəlində Prezidentin Fərmanı ilə təsis olunan “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsinə dəstək üçündür. Qurum bərpa və abadlıq işlərinin, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasına töhfələr verməkdən ötrü müvafiq layihələrə yönəldilən ianələri və qrantları cəlb edəcək. Göründüyü kimi, dövlətimiz ən müxtəlif yollarla Qarabağın normal həyata qayıtmasından ötrü səylərini əsirgəmir, lazımi rıçaqları işə salır. Qarabağın tezliklə əvvəlki şöhrətinin qayıdacağına, əvvəlki kimi gözəlliklər məskəninə, cənnətməkan diyara çevriləcəyinə heç kim şübhə etmir artıq. Böyük Azərbaycan şairi Məhəmməd Hadi deyirdi: “Tarixin səhifələrində iz qoyan millət bəxtiyardır”. Şükürlər olsun ki, dünyanın əbədi salnamələrində Azərbaycan xalqının da imzası oldu. Böyük qürur və uğurlarla dolu bir tarix...” – deyə Z.Əsgərova fikrini yekunlaşdırıb.

Tehsil-press.az


Oxşar xəbərlər