Bakı Dövlət Universiteti İzmir Yüksək Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti İzmir Yüksək Texnologiya İnstitutu ilə əməkdaşlıq edəcək Bakı Dövlət Universiteti (BDU) və İzmir Yüksək Texnologiya İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilədə təhsil müəssisələri arasında elm, təhsil, mədəniyyət sahələrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, təhsilin bütün sǝviyyǝlərindǝ kadr mübadiləsinin həyata keçirilməsi, müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və s. nəzərdə tutulur.
İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev universitetin fəaliyyəti, mövcud təhsil və tədris prosesi haqqında ətraflı məlumat verib. O, qardaş Türkiyə universitetləri ilə BDU arasında təhsil-elm-innovasiya istiqamətindəki geniş və qarşılıqlı faydalı əlaqələrə diqqət çəkib. BDU-da tələbələrin bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını deyən E.Babayev, ümumiyyətlə, ölkəmizdə son illər elm-təhsil-innovasiya istiqamətində həyata keçirilən tədbirlərdən, nailiyyətlərdən bəhs edib.
İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini, tələbələrin, akademik və inzibati heyətin mübadiləsində, birgə elmi-tədqiqat layihələrinin reallaşdırılmasında maraqlı olduqlarını vurğulayıb.
1992-ci ildə əsası qoyulmuş İzmir Yüksək Texnologiya İnstitutunda tədris ingilis dilində aparılır. Ümumilikdə 6 min 300-dən çox tələbənin təhsil aldığı ali məktəbdə 18 bakalavr, 27 magistr və 19 doktorantura proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər