İlahiyyat İnstitutu tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələrini genişləndirir

İlahiyyat İnstitutu tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələrini genişləndirir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi Malayziyanın İslam Düşüncəsi İnstitutu (Institute of Islamic Understanding Malaysia) ilə onlayn görüş keçirib.
Görüşdə ölkəmizin Malayziyadakı səfiri İrfan Davudov, rektor Aqil Şirinov, elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəlov, Malayziyanın İslam Düşüncəsi İnstitutu baş direktorunun müavini Zaidi bin İsmail, Şəriət, Hüquq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Mohd Farid Mohd Şahran, Elm və Ətraf Mühit üzrə Araşdırma Mərkəzinin direktoru Şaix Mohd Saifuddin Şaix Mohd Salleh və İqtisadiyyat və Sosial Tədqiqatlar Mərkəzinin direktoru Sani bin Badron iştirak ediblər.
Görüşdə elm və tədqiqat sahəsində ikitərəfli əməkdaşlıq, maraq doğuran mövzularda təcrübələrdən qarşılıqlı faydalanma, birgə elmi konfrans, seminar, vebinar, elmi-tədqiqat işləri və mühazirələrin təşkil olunması, akademik heyətin mübadiləsi müzakirə olunub.
Aİİ-nin rektoru Aqil Şirinov çıxış edərək təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. Bildirib ki, institutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir. Rektor, həmçinin Aİİ-nin beynəlxalq standartlara cavab verən mətbu nəşri – “Din araşdırmaları” jurnalı haqqında da məlumat verib.
Malayziyanın İslam Düşüncəsi İnstitutu baş direktorunun müavini Zaidi bin İsmail təmsil etdiyi qurum haqqında məlumat verib. O, qurumun fəaliyyəti, hədəf və məqsədlərini açıqlayıb, Aİİ ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər