ADMİU-nun müəllimi III Beynəlxalq Biblioqrafiya Konqresində məruzə edib

ADMİU-nun müəllimi III Beynəlxalq Biblioqrafiya Konqresində məruzə edib Rusiyanın Novosibirsk şəhərində “Rəqəmsal mədəniyyətdə biblioqrafik informasiya” mövzusunda III Beynəlxalq Biblioqrafiya Konqresi keçirilib. Onlayn formatda keçirilən konqresdə ölkəmizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Kəmalə Məmmədova təmsil edib.
Konqresdə K.Məmmədova “Biblioqrafik xidmətlər yeni iqtisadi mühitdə: pullu biblioqrafik xidmətlər və onların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, müasir cəmiyyətdə kitabxanalar adaptasiya oluna bilən açıq mədəni-sivil institut olmaqla yanaşı, həm də bazar münasibətlərinin subyekti kimi çıxış edir. Bu baxımdan, kitabxanaların biblioqrafik fəaliyyəti də baş verən dəyişikliklərdən kənarda qalmır, yeni iqtisadi mühitin diktə etdiyi bütün proseslərdə aktiv iştirak edir. Hazırda biblioqrafik fəaliyyət informasiyanın yaradılma və yayılma sisteminin əsas elementi kimi sənəd-istehlakçı seqmentində əsas vasitəçiyə çevrilməkdədir. Bu isə biblioqrafik xidmətlərin təşkilinə və göstərilmə şərtlərinə yeni yanaşma tələb edir. Bunlardan ən geniş yayılanı kitabxanalarda pullu biblioqrafik xidmətlərin tətbiqidir.
Vurğulanıb ki, pullu biblioqrafik xidmətləri, həmçinin yeni iqtisadi şəraitdə kitabxanaların məqsədyönlü təşəbbüs fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək olar. Lakin buna baxmayaraq, kitabxanalar kommersiyalaşmadan uzaq olmaq üçün sosial prioritetlərlə kitabxananın iqtisadi maraqları arasındakı balansı qoruyub saxlamağı bacarmalıdır.
Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbirə ümumilikdə 31 ölkədən 1104 iştirakçı qatılıb, 9 seksiya üzrə 112 məruzə dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər