BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

BDU-da “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək Bakı Dövlət Universiteti (BDU) və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə dekabrın 23-24-də “Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır.
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi və Şərq-Qərb ədəbi-mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans Nizami Gəncəvinin həyatı və yaradıcılığının bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil edilməsinə, böyük şairin dünyada sülhün, ədalətin, insanpərvərliyin bərqərar olması ilə bağlı bəşəri çağırışlarının daha dərindən öyrənilib dünyaya çatdırılmasına kömək edəcək.
Konfransda Nizami Gəncəvi bəşəri ideyalar carçısı kimi, fəlsəfi fikir tarixində Nizami fenomeni, Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Nizami və tarix, Nizami və folklor, Nizami və dünya ədəbiyyatı, Nizami və türk xalqları ədəbiyyatı, Nizami əsərlərinin mənbələri, Nizaminin ictimai baxışları, Nizami irsi dünya mədəniyyəti kontekstində, Nizamişünaslıq müasir mərhələdə, Nizami əlyazmalarının mətnşünaslıq baxımından öyrənilməsi və s. istiqamətlər üzrə məruzələr dinləniləcək.

Tehsil-press.az



Oxşar xəbərlər